İran Azərbaycanın bu ölkələrdəki obyektlərini vurmaq istəyib – kəşfiyyatçıdan sensasion etiraf

İranın 2022-ci ildə Tanzaniyada həbs edilmiş “Həmid Salari” ləqəbli kəşfiyyatçısı Həmidrza Məhəmməd Əbrahın etirafları yayılıb.

Globalinfo.az xəbər verir ki, etirafları İranın mühacir mətbuatı yayıb.

Məlumata görə, Əbrahın Tanzaniyada əsas vəzifəsi yerli və xarici vətəndaşları təsir altına salmaq olub. Bu şəxslər vasitəsilə İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və Azərbaycanın Afrikadakı obyektlərinə hücumların təşkili, eləcə də onların izlənilməsi nəzərdə tutulub.

Mətbuat Əbrahın həbs edilənə qədər İran kəşfiyyatının xüsusilə Əfqanıstan və Pakistandakı tapşırıqlarını icra etdiyini yazıb. O, 2019-cu ildə böyük hazırlıqdan sonra Tanzaniyaya göndərilib. Burada isə neft taciri kimi fəaliyyətini davam etdirib.

Əbrahın artıq Afrikadakı agentləri haqqında ətraflı məlumatı yerli qurumlara verdiyi vurğulanıb. Məhz bundan sonra o, Tanzaniyadan İrana ekstradisiya edilib.

Qeyd edək ki, Əbrah 2022-ci ildə məhz MOSSAD-ın məlumatı əsasında saxlanılıb.

İlkin Həsənov
Globalinfo.az