İran-Azərbaycan münasibətləri kökündən dəyişə bilər: Tehranın bu addımı…

“Azərbaycan-İran münasibətləri ölkəmizin dövlət müstəqilliyinin bərpa edildiyi ilk günlərdən enişli-yoxuşlu olub. Qarşılıqlı əlaqələrin ötən 33 ildə, hər iki ölkənin və xalqın tarixi, etnomədəni yaxınlığına və bağlılığına uyğun səviyyədə olduğunu söyləyə bilmərik. Bunun da şübhəsiz çoxsaylı səbəbləri var”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli İran-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi və normallaşma prosesi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan 1993-cü ilin ikinci yarısından etibarən İranla münasibətlərini yüksək səviyyədə saxlamaq, yaxın qonşuluq əlaqələrini inkişaf etdirmək, qarşılıqlı etimad yaratmaq üçün hər şeyi edib:

“Amma təəssüf ki, bir çox hallarda Azərbaycana münasibətdə arzuladığımız, hər iki ölkənin mənafeyinə uyğun yanaşma və davranışların şahidi olmamışıq.

İran İslam Respublikasında, öz tarixi ata-baba yurdlarında ən müxtəlif statistik göstəricilərə görə, 30-35 milyon Azərbaycan türkü yaşayır. Digər tərəfdən, İranda yaşayan bütün xalqlarla bizim bu və ya digər tərəfdən çoxsaylı bağlılıqlarımız var. Min illər boyu eyni coğrafiyada, hətta eyni dövlətlərin tərkibində yaşamışıq. Birlikdə bəşər tarixinin ən böyük dövlətlərini qurmuşuq. Bu tarixdir və şübhəsiz ki, tarixə hörmətlə yanaşmaq, onu müsbət mənada qarşılıqlı əlaqələrin inkişafı üçün düzgün dəyərləndirmək lazımdır. Əgər biz çağdaş beynəlxalq münasibətləri sisteminin hüquqi tərəflərini bir kənara qoyub, tarixi aspektləri önə çəksək, o zaman geridə qalan bir neçə min illik zamanın dərinliklərinə doğru geri qayıdaraq, həqiqət axtarışına çıxmalıyıq. O zaman dünyada yaşayan bütün xalqlar bir-biriləri ilə savaşmalı, sonu bəlli olmayan bir prosesin içərisinə daxil olmalıdırlar

19 may 2024-cü il. Prezident İlham Əliyev və İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində

Bu səbəbdən, Azərbaycanı həm tarixə, həm də mövcud reallıqlara, dövlətlərarası münasibətlərin formalaşmasında müstəsna rol oynayan hüquqi aspektlərə yanaşmada nümunəvi ölkələrdən biri hesab etmək olar”.

Ekspert deyib ki, bu günədək, Azərbaycan tərəfindən İranın təhlükəsizliyini təhdid edən heç bir hərəkətə yol verilməyib:

“Hətta olduqca mürəkkəb, seçim tələb edən zamanlarda belə biz prinsipiallıq nümayiş etdirərək yaxın qonşuluq münasibətlərinə üstünlük vermişik. Bu gündən sonra da belə olacağına şübhə etmirəm. Eyni yanaşmanı İrandan da gözləyirik.

Azərbaycan xalqının seçiminə, müəyyənləşdirdiyi inkişaf yoluna, prioritetlərinə hörmətlə yanaşmaq və münasibətləri də bu müstəvidən dəyərləndirmək lazımdır. Bu baxımdan, ümid edirəm ki, çox mürəkkəb proseslərdən keçən münasibətlərin qarşılıqlı hörmət zəminində inkişafı üçün bütün imkanlar var. Bu, özünü mərhum prezident İbrahim Rəisinin Azərbaycana səfəri zamanı da büruzə verdi. Eyni zamanda Prezident İlham Əliyevin İran səfirliyində səsləndirdiyi fikirlərin iki ölkə arasındakı münasibətlərin gələcəyi üçün həyati əhəmiyyət kəsb etdiyini düşünürəm.

21 may 2024-cü il. Prezident İlham Əliyev İranının ölkəmizdəki səfirliyində olub, başsağlığı verib

Hazırda İranda seçkilərə hazırlıq gedir və kimin prezident seçilməsindən asılı olmayaraq, İranın mövcud siyasi sistemini nəzərə alaraq, regional və qlobal proseslərə baxış bucağının dəyişməyəcəyinə əminəm.

Müəyyən korrektələrin olması mümkündür və mövcud reallıqlar bunun Azərbaycana münasibətdə müsbət zəmində inkişaf edəcəyini söyləməyə əsas verir. Zənnimcə, ikitərəfli münasibətlərdə kritik dönəm geridə qalıb və hazırda iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası İran üçün də mühüm əhəmiyyət daşıyır. Münasibətlərin ideal olacağını gözləmirəm, amma ümid edirəm ki, praqmatik əlaqələr inkişaf edə bilər”.

Turan Rzayev
Globalinfo.az