iran abs muharibe 900x600 3

Yaxın Şərqdəki gərginlik bu yay deyil, daha çox payızın əvvəlində səngiyə bilər.

Globalinfo.az xəbər verir ki, bununla bağlı rus mediası ekspertlərə istinadən məlumat yayıb.

Onların fikrincə, buna ABŞ-da keçiriləcək aralıq seçkilər, Vaşinqtonun siyasi maraqları və regiondakı dəyişən qüvvələr balansı təsir göstərir:

“ABŞ-İran qarşıdurmasının başa çatması ilə bağlı proqnozlar iyundan sentyabr-oktyabr aylarına keçirilib və bu səbəbdən neft qiymətləri üzrə gözləntilər də artırılıb.

Donald Tramp administrasiyası seçkilər ərəfəsində İrana qarşı siyasətdə müəyyən nəticələr nümayiş etdirməyə çalışacaq. Bildirilir ki, Vaşinqton hərbi əməliyyatların dayandırılması, İranın nüvə proqramının zəiflədilməsi və Hörmüz boğazı ilə bağlı razılaşmalar kimi məsələləri siyasi uğur kimi təqdim etmək istəyir”.

Ekspertlər hesab edirlər ki, həm ABŞ, həm də İran daxili auditoriyasına müəyyən qələbə görüntüsü təqdim etməyə çalışacaq:

“Buna görə də tərəflərin kompromisə getməsi və ya müvəqqəti razılaşma əldə etməsi istisna olunmur. Münaqişənin gedişində qüvvələr balansı da dəyişib. Əvvəlcə ABŞ və İsrail İranın imkanlarını lazımınca qiymətləndirməyib. Lakin Tehran həm Hörmüz boğazına nəzarəti, həm də regiondakı ABŞ obyektlərinə zərbə imkanları sayəsində danışıqlarda daha sərt mövqe tutmağa başlayıb. Bu səbəbdən İsrail və ABŞ-nin ümid etdiyi sürətli nəticə əldə olunmayıb.

Beləliklə, ekspertlərin qənaətinə görə, Yaxın Şərqdəki qarşıdurmanın taleyi yaxın aylarda diplomatik danışıqların nəticəsindən asılı olacaq. Ən real ssenari kimi payızın əvvəlində müəyyən razılaşmanın əldə olunması göstərilir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: