“The Wall Street Journal” (WSJ) qəzeti Tehranın Pakistan vasitəsilə Vaşinqtona təqdim etdiyi sülh planının təfərrüatını dərc edib.
Globalinfo.az xəbər verir ki, nəşrin məlumatına görə, İran sanksiyaların və blokadanın aradan qaldırılması müqabilində nüvə məsələləri və gəmiçilik üzrə güzəştlər də daxil olmaqla bir sıra şərtlər təklif edib.
Tehranın çoxsəhifəli cavabı mayın 10-u günortadan sonra ABŞ-a çatdırılıb və tərəflər hazırda gələn həftə İslamabadda mümkün dialoqun bərpasına hazırlaşırlar.
“Wall Street Journal” qəzetinin yazdığına görə, İranın təklifi mərhələli deeskalasiya planını təmsil edir. Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını qismən üçüncü ölkəyə təhvil verməyə razıdır ki, bu da onun hərbi məqsədlər üçün istifadə riskini azaldacaq.
Bundan əlavə, İran Hörmüz boğazını təhlükəsiz kommersiya gəmiçiliyi üçün açmağa hazırdır. Bunun müqabilində ABŞ İran gəmi və limanlarının blokadasını aradan qaldırmalıdır.
Mübahisənin əsas məqamı nüvə danışıqlarının formatı olaraq qalır. Vaşinqton Tehranın nüvə infrastrukturunun gələcəyi və yığılmış uranın taleyi ilə bağlı əvvəlcədən yazılı öhdəliklər götürməsini tələb edir. İran isə bu mürəkkəb texniki və siyasi məsələlərin təxirə salınmasını, danışıqların 30 gün ərzində keçirilməsini təklif edir.
Nəşr qeyd edir ki, hazırda Tehran regionda hərbi əməliyyatların dərhal dayandırılmasına və dəniz əlaqələrinin bərpasına diqqət yetirir.
Tahir Turan
Globalinfo.az