Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” mükafatının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı Kamal Abdulla açıb. O hər il Azərbaycan Yaradıcılıq Fondunun təqdim etdiyi “Ədəbiyyat adamı” mükafatının ədəbi mühitdə canlandırma yaratma baxımından önəm daşıdığını vurğulayıb.
Bu ilin mükafatçıları sırasında Əli Əmirli, Qulu Ağsəs, Kamran Nəzərli, Əbülfət Mədətoğlu, İntiqam Yaşar, Kənan Hacı, Kəramət Böyükçöl, Şahanə Müşfiq, Elnarə Qaragözova və Püstə Rəvanın adı var.
Vurğulayaq ki, şair-publisist İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İntiqam Yaşar bu vaxta qədər Azərbaycanı, Türk dünyasını əhatə edən bir çox layihənin müəllifi və rəhbəri olub. Şairin müxtəlif illərdə 5 şeirlər kitabı gün üzü görüb. Yaradıcılıq örnəkləri Türk ölkə və topluluqlarında müxtəlif mətbu orqanlarda yayımlanıb.