1709184299 c698811298e2bd3c67976f044f74130d 714

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunur. 2001-ci il avqust ayında Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla avqustun 1-i bu əlamətdar gün kimi təsis edilib. Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı ana dilinin milli kimliyin əsas dayaqlarından biri olduğunu vurğulayaraq, onun saflığının qorunmasını dövlət və cəmiyyət qarşısında mühüm vəzifə kimi dəyərləndirib.

Bəs bu gün Azərbaycan dilinin saflığını təhdid edən əsas amillər hansılardır? Bu istiqamətdə görülən işlər yetərlidirmi?

Globalinfo.az-a danışan AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib ki, Azərbaycan dilinin qorunması hər birimizin üzərinə düşən məsuliyyətdir:

“Bu, təkcə Dilçilik İnstitutunun işi deyil. Dil bizim hamımızındır, xalqımızın, millətimizin ən böyük mənəvi sərvətlərindən biridir. Ona görə də onu göz bəbəyimiz kimi qorumalıyıq. Vaxtilə Ulu Öndər Heydər Əliyev demişdi ki, bu dili bizə babalarımız miras qoyub və biz onu gələcək nəsillərə olduğu kimi, hətta daha da zənginləşdirilmiş şəkildə çatdırmalıyıq. Bu gün Azərbaycan dilinin inkişafı üçün ciddi imkanlar mövcuddur. XX əsrin xüsusilə də 1970-ci illərində dilimiz öz inkişafının ən yüksək mərhələlərindən birini yaşamışdı. Elmi, bədii, publisistik və rəsmi üslublar yüksək səviyyədə formalaşmışdı, dilin normaları ciddi şəkildə qorunurdu”.

Müsahibimiz bildirib ki, müstəqillik dövründə dil istifadəsində müəyyən sərbəstlik yaranıb:

“Bu sərbəstlik bəzən müsbət nəticələr versə də, bəzi hallarda dil normalarının pozulmasına gətirib çıxarır. Məsələn, əvvəllər “rus dili vasitəsilə dilimizə keçən sözlər” ifadəsi geniş işlənirdi. Bu gün isə artıq buna ehtiyac yoxdur. Çünki Azərbaycan dili başqa dillərlə, o cümlədən ingilis dili ilə birbaşa təmasdadır və sözlər də birbaşa daxil olur. Rus dilindən də sözlər keçə bilər, bu, təbiidir. Biz qonşu xalqlarıq. Ancaq artıq vasitəçi dil anlayışı əvvəlki əhəmiyyətini itirib. Ən vacib məsələ isə budur ki, biz müstəqil dövlətik və dövlətimizi qoruduğumuz kimi, dilimizi də qorumalıyıq. Dediyim kimi, dil yalnız Dilçilik İnstitutunun deyil, bütün xalqın sərvətidir. Xüsusilə jurnalistlər bu məsələdə daha diqqətli olmalıdırlar”.

Nadir Məmmədlinin fikrincə, dünyada baş verən hadisələri Azərbaycan dilində işıqlandırarkən yeni terminlərin və ifadələrin işlədilməsində dil normalarına ciddi əməl edilməlidir:

“Hazırda Azərbaycan orfoqrafiya lüğəti yenilənir, dilimizin elektron bazası formalaşdırılır. Ancaq bu gün dil təkcə ünsiyyət vasitəsi deyil. Dil dövlət müstəqilliyimizin, milli kimliyimizin və tarixi inkişafımızın əsas sütunlarından biridir. Buna görə də dilə çox həssas yanaşmaq lazımdır. Əlbəttə, hamımız dilimizin zənginləşməsini istəyirik. Lakin bu zənginləşmə elmi prinsiplər əsasında aparılmalıdır. Hər kəsin öz bölgəsində işlənən sözü ümumi dilə gətirməsi dilin zənginləşməsi demək deyil. Bu məsələdə ehtiyatlı olmaq lazımdır. Ölkə başçısı da çıxışında dil məsələsinə xüsusi diqqət ayırdı. Xüsusilə vurğuladı ki, Azərbaycan dili rəqəmsal platformalar və süni intellekt texnologiyaları ilə uyğunlaşdırılmalıdır. Bu, artıq zamanın tələbidir”.

nadir memmdli
Nadir Məmmədli

Ekspert deyib ki, təkcə söz bazası yaratmaq kifayət deyil:

“Bunun hüquqi bazası da mövcuddur. Cənab Prezident bu sahədə bir sıra sərəncam və fərmanlar imzalayıb. Terminologiyamız vahid prinsiplər əsasında unifikasiya edilməlidir. Prezident çıxışında türkdilli xalqların ortaq ailə olduğunu da xüsusi qeyd etdi. Əgər ortaq dil ailəsinə mənsubuqsa, ilk növbədə həmin ailənin imkanlarından istifadə etməliyik. Bütün türk dillərinin kökü eynidir. Onlar müxtəlif qruplara – oğuz, qıpçaq və digər qruplara ayrılsalar da, qrammatik quruluşları, morfoloji sistemi və sintaktik qanunları böyük ölçüdə ortaqdır. Bu amili nəzərə almaq vacibdir. Bu gün tərcüməçilərimiz çox böyük zəhmət çəkirlər. Bir ifadənin düzgün qarşılığını tapmaq üçün saatlarla işləyirlər. Halbuki milli tərcümə alqoritmləri və süni intellekt əsaslı dil texnologiyaları inkişaf etdirilsə, bu iş xeyli asanlaşar”.

Nadir Məmmədli onu da əlavə edib ki, rəsmi üslubun normaları qorunmalıdır:

“Bu gün müxtəlif dövlət qurumlarında, xidmət mərkəzlərində və rəsmi sənədlərdə bəzən dil baxımından qüsurlu ifadələrə rast gəlirik. Məsələn, “Yazıb sizə bildirirəm” kimi ifadələr rəsmi üslub baxımından düzgün deyil. Bu məsələlərə də diqqətlə yanaşmaq lazımdır. Hesab edirəm ki, Azərbaycanın tarixi də yenidən araşdırılmalı və bir sıra dövrlərə yeni baxış formalaşdırılmalıdır. Xüsusilə orta əsrlərlə bağlı köhnə stereotiplər yenidən qiymətləndirilməlidir. Məsələn, uzun illər klassik ədəbiyyatımıza və təsəvvüf irsinə birtərəfli yanaşmalar olub. Sonradan məlum oldu ki, həmin qiymətləndirmələrin bir çoxu doğru deyil. Eləcə də dil tariximiz də yenidən öyrənilməlidir”.

Müsahibimiz onu da deyib ki, monqol istilası dövrü də yalnız dağıntılar prizmasından qiymətləndirilməməlidir:

“Monqollar XIII əsrdə bu ərazilərə gəliblər və onların dilindən Azərbaycan dilinə keçmiş çoxlu sözlər bu gün də işlənməkdədir. Tarixi mənbələr göstərir ki, onlar təkcə yürüş etməyiblər, müəyyən idarəçilik sistemi də formalaşdırıblar. Bütün bunlar obyektiv şəkildə araşdırılmalıdır. Azərbaycan dili əsrlər boyu ərəb, fars, monqol və digər dillərdən sözlər qəbul edib. Bu sözlərin böyük hissəsi artıq tam şəkildə dilimizə uyğunlaşıb. Bu gün heç kim “məktəb”, “alim”, “molla” kimi sözləri əcnəbi söz hesab etmir. Çünki onlar Azərbaycan dilinin ayrılmaz hissəsinə çevriliblər. Bu gün də dilimizə daxil olan və geniş istifadə edilən sözlər var. Əgər həmin sözlər Azərbaycan dilinin fonetik və qrammatik qanunlarına uyğunlaşırsa, onların hüquqi statusu müəyyənləşdirilməli, orfoqrafiya və terminologiya sistemində öz yerini tutmalıdır. Süni şəkildə yeni sözlər yaratmağa ehtiyac yoxdur. Əsas məqsəd dünyada baş verən hadisələri Azərbaycan dilinin imkanları ilə dəqiq, aydın və elmi əsaslarla ifadə etməkdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: