Rusiyada insanın ekstremal şəraitə uyğunlaşmasını qiymətləndirən ağıllı sistem hazırlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.
“Moskva Aviasiya İnstitutunun (MAİ) alimləri Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutu və Federal Tibbi-Bioloji Agentliyinin mütəxəssisləri ilə birlikdə insanın kosmik ekspedisiyalar kimi ekstremal şəraitə uyğunlaşmasını təhlil edən riyazi proqram sistemi hazırlayıblar.
Yeni proqram müxtəlif tibbi və fizioloji məlumatları vahid platformada birləşdirərək insanın vəziyyəti barədə aydın qiymətləndirmə təqdim edir.
Tədqiqatçıların fikrincə, bu texnologiya Ay və Marsda yaşayış bazalarının yaradılması, uzaq kosmik missiyaların təşkili, eləcə də Yer üzündə reabilitasiya təbabəti və digər sahələrdə istifadə oluna bilər”, – deyə bildirilib.
Məlumata görə, hazırlanan sistem orqanizmin ümumi vəziyyətini kompleks şəkildə qiymətləndirir:
“Bunun sayəsində insanın yeni şəraitə uğurla uyğunlaşıb-uyğunlaşmadığını, əmək qabiliyyətini qoruyub saxladığını və ya fiziki imkanlarının həddinə yaxınlaşıb-yaxınlaşmadığını müəyyən etmək mümkün olur.
Proqram qanda qlükoza səviyyəsi, ürək ritmi və EKQ göstəriciləri, diqqət, yaddaş və reaksiya sürətini ölçən koqnitiv testlər, psixoloji göstəricilər, o cümlədən narahatlıq səviyyəsi və emosional fon kimi müxtəlif məlumatları bir araya gətirir. Alimlərin sözlərinə görə, bu göstəricilər bəzən bir-biri ilə ziddiyyət təşkil etsə də, hazırlanan riyazi model onların hamısını birlikdə təhlil edərək ümumi nəticə çıxara bilir”.
Qeyd olunub ki, növbəti mərhələdə sistem daha geniş məlumat bazasında yoxlanılacaq və gələcəkdə kosmik gəmilərin tibbi nəzarət sistemlərinə inteqrasiya oluna bilər:
“Bundan başqa, bu model “ağıllı” saatlar və digər geyilə bilən elektron cihazlarda istifadə edilərək sahibinin sağlamlıq vəziyyətini kompleks şəkildə qiymətləndirə bilər”.
Əliyar Xəlil
Globalinfo.az