İlham Əliyev bunu niyə indi elan etdi? – Böyük plan işə düşdü

Prezident İlham Əliyevin inauqurasiya mərasimindən sonra geniş nitqi təhlil olunur. Ölkə başçısı bu çıxışda bir çox məsələrə toxunub.

Prezidentin nitqində diqqətçəkən məqamlardan biri də Türk dünyası ilə bağlı dedikləridir. İ.Əliyev Azərbaycanın bundan sonrakı regional formatını açıqlayıb. Sitat:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Görünən bu ki, Prezident bu formatı ən uyğun, düzgün format kimi seçib və bu istiqamətdə fəaliyyəti daha da gücləndirəcək. Bu, həm də Orta Dəhliz projesinin gerçəkləşməsi və gələcəkdə qüsursuz çalışması üçün düşünülmüş addımdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün həm bu günün, həm də sabahın tələbidir:

“Bu artıq xarici siyasi hədəflərimiz arasında öz təsdiqini tapmış prioritetimiz olaraq da ifadə oluna bilər. 44 günlük Vətən müharibəsi və sonrasında həyata keçirilmiş uğurlu hərbi-diplomatik addımlarımızın nəticəsində yaranmış yeni reallıqlara münasibətdə qlobal sistemdəki ikili standartların və ədalətsiz yanaşmaların daha da bariz xarakter aldığı bir məqamda bizi birləşdirən tarixi, etnik və mədəni dəyərlərə əsaslanan strateji tərəfdaşlığımızın önəmi bir daha öz təsdiqini tapmış oldu.

Cənab Prezidentin ifadə etdiyi kimi Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Ona görə də, Türk platformasının gücləndirilməsi və bu platforma çərçivəsində strateji əlaqələrin genişləndirilməsi bizim üçün böyük önəm kəsb edir. Xüsusilə də, Orta dəhliz layihəsinin uğurlu şəkildə icra olunması üçün Türk dünyasının birliyi və həmrəyliyi labüddür.

Düşünürəm ki, yeni dövrdə Azərbaycan-Türk dünyası münasibətləri də yeni mərhələyə daxil olacaq. Artıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksələrək gələcək perspektivdə böyük hədəflərə doğru böyük addımları da özündə ehtiva etmiş olacaq”.

Turan Rzayev
Globalinfo.az