Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
Bu barədə APA xəbər verir. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib:
“Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”, – dövlət başçısı vurğulayıb.