Etirazlar guney

Almaniyanı iki yerə bölən Berlin divarının 1991-ci ildə dağıdılması alman xalqını birləşdirdi. Bu hadisə həm də dünyadakı siyasi proseslərinin yönünü dəyişdirdi. Almaniyadan sonra ikiyə bölünmüş digər xalqlar da birləşmək üçün mücadilə verdilər. Amma hələ də bu arzusuna çata bilməyən xalqlar var. Onların sırasında Azərbaycan da var.

1828-ci ildə Rusiya və İran arasında bölünən Azərbaycan artıq 200 ilə yaxındır birləşmək üçün mübarizə aparır. Son 3 ildə gedən proseslər isə bu yöndə xeyli nikbinlik yaradır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın birləşməsi hazırda real olmasa da, gələcəkdə mümkündür:

“Azərbaycan üçün şimal və cənubun birləşməsi hər zaman aktual olub. Bu birləşmə tarixi ayrılıqdan qaynaqlanır. Reallıq ondan ibarətdir ki, xalqımızın böyük hisəsi cənubda yaşayır.

Azərbaycan Qarabağı 30 illik işğaldan sonra azad etdi. Bu heç də az müddət deyil. Az qala üç nəsil insanın ömrünə bədəl olan münaqişə bu gün artıq yoxdur. Lakin Azərbaycanın problemləri hələ bitməyib. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Sərhədlərin delimitasiya, demarkasiyası, anklav, eksklav, Zəngəzur dəhlizi və Qərbi azərbaycanlılar məsələsi hələ də aktualdır. Bütün bu məsələlər həll edilmədən dövlət strategiyasını dəyişə bilmərik.

qabil huseynli esas

Qabil Hüseynli

Həqiqət ondan ibarətdir ki, Azərbaycan bütün qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşır. Heç bir qonşusuna qarşı ərazi iddiası irəli sürmür. Zəngəzur dəhlizi və ya Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı belə Ermənistana ərazi iddiası mənasına gəlmir. Belə olan təqdirdə bizim Cənubi Azərbaycan məsələsini qaldırmağımız əleyhimizə olar.

Şimal və Cənubun birləşməsi hazırda ona görə real deyil ki, güneydə müstəqil ölkə yoxdur. Azərbaycan SSRİ-nin dağılması il öz müqəddəratını təyin etdi və müstəqillik qazandı. Cənubi Azərbaycan da öz müqəddəratını təyin etməlidir. Yalnız bundan sonra Şimal və Cənubun birləşməsindən danışa bilərik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: