Cavab oyununda bütün nöqsanlarımızı aradan qaldırmağa çalışacağıq.
Globalinfo.az xəbər verir ki, bunu Belarusun “Dinamo” (Minsk) klubunun baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” üzərində 4:2 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis əldə olunan nəticədən məmnun qaldıqlarını bildirsə də, qarşıda daha çətin sınağın olduğunu vurğulayıb:
“Belə güclü rəqib üzərində qələbə qazanmaq sevindiricidir. Lakin hələ heç nə bitməyib. Cavab oyunu öncəsi müəyyən üstünlüyümüz var, amma bu, arxayınlaşmaq üçün kifayət etmir. Rəqibin ikinci matçda fərqli oyun sərgiləyəcəyini gözləyirik. Biz də öz növbəmizdə buraxdığımız səhvləri təhlil edib onları aradan qaldırmağa çalışacağıq”.
Şaqoyko görüşün əvvəlində iki qol buraxmalarının gözlənilməz olduğunu qeyd edib:
“Bakıya qalib gəlmək məqsədilə gəlmişdik və buna nail olduğumuz üçün sevinirik. Hansı səviyyəli komanda ilə qarşılaşdığımızı yaxşı bilirdik. Ümumilikdə oyun planımız istədiyimiz kimi həyata keçdi”.
Baş məşqçi cavab qarşılaşmasının asan keçməyəcəyini də vurğulayıb:
“İki topluq üstünlük futbol üçün təhlükəsiz hesab oluna bilməz. Buraxacağımız bir qol vəziyyəti rəqibin xeyrinə dəyişə bilər. Buna görə də cavab görüşünə ciddi hazırlaşacağıq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.