ailedaxili munaqiseler

Konqo Demokratik Respublikası millisi futbol üzrə dünya çempionatları tarixində ilk qolunu vurmaqla yadda qalıb.

Globalinfo.az xəbər verir ki, 2026-cı il mundialının qrup mərhələsində Portuqaliya ilə üz-üzə gələn afrikalılar tarixi nailiyyətə imza atıblar.

Qarşılaşmada hesab erkən açılıb. Portuqaliya millisinin yarımmüdafiəçisi Joau Neveş 6-cı dəqiqədə komandasını önə keçirib, lakin ilk hissənin əlavə olunmuş vaxtında Yoan Vissa fərqlənərək Konqo Demokratik Respublikasının dünya çempionatları tarixində ilk qolunun müəllifi olub.

Qeyd edək ki, Afrika təmsilçisi mundiallarda ikinci dəfə çıxış edir. Komanda ilk iştirakını 1974-cü ildə, ölkə hələ Zair adlandığı vaxt gerçəkləşdirib. Həmin turnirdə Zair millisi Şotlandiyaya 0:2, Yuqoslaviyaya 0:9 və Braziliyaya 0:3 hesabı ilə məğlub olaraq qrup mərhələsini xalsız başa vurub.

Konqo Demokratik Respublikası yığması qrupdakı növbəti görüşlərini iyunun 24-də Kolumbiyaya, iyunun 28-də isə Özbəkistana qarşı keçirəcək.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: