“Peyğəmbərin karikaturası dünyada etirazlara səbəb oldu…”

İslamofobiya qlobal sülhə qarşı ciddi təhdiddir.

Globalinfo.az APA-ya xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Dostları Qrupunun üzvü Əkmələddin İhsanoğlu çıxışında bildirib.

İƏT-in sabiq Baş katibi deyib ki, o, bu posta gələndə ciddi problemlərdən biri İslama qarşı Qərbdə mənfi yanaşma idi.

Əkmələddin İhsanoğlu vurğulayıb ki, indiki vəziyyəti ötən illərlə müqayisə etdikdə İslamofobiya ilə bağlı üç istiqamətdə mənfi trend nəzərə çarpır:

“İslamla bağlı manipulyasiya, bunu ifadə və fikir azadlığı kimi təqdim etmək, İslamofobiyanın siyasiləşdirilməsi, leqal çərçivənin yaradılması, bunun institutlaşdırılması və İslamofobiyanın konsitusionallaşdırılması. Biz İslamofobiyaya qarşı mübarizədə, qarşıdurmadan əməkdaşlığa doğru irəliləməkdə qərarlıyıq”.

İƏT-in keçmiş Baş katibi İslam dini Peyğəmbərinin illər əvvəl karikaturasının dərc olunmasını xatırladaraq bunun dünyanın müxtəlif nöqtələrində ciddi etirazlara səbəb olduğunu vurğulayıb.

O deyib ki, Avropa İnsan Haqları Məhkəməsi bu karikatura ilə bağlı qərar çıxardıb.

Əkmələddin İhsanoğlu İslamofobiya ilə mübarizə istiqamətində BMT-nin fəaliyyətinə toxunub. O, həmçinin İƏT-in bu istiqamətdə faəl fəaliyyətinə toxunub.

İƏT-in keçmiş Baş katibi vurğulayıb ki, İslamofobiya ilə bağlı müəyyən addımlar atılmalıdır, açıq mövqe qoyulmalıdır.

“Biz Qərbi inandırmalıyıq ki, müsəlmanlar Avropanı dəyişdirməyə, dəyərləri dəyişdirməyə çalışmır, biz populistlərin bu iddialarına cavab verməli, bu narahatlığı aradan qaldırmalıyıq. Biz özümü tənqiddən çəkinməməliyik, etiraf edək ki, bizim adımıza bəzən səhvlər edilir. Biz vurğulamalıyıq ki, İslam dini Qərbə yad deyil”, İhsanoğlu vurğulayıb.