Ötən gün dünyasını dəyişən “Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri Tağı Əhmədov bu gün dəfn olundu. Onun ölüm xəbəri ictimaiyyətdə fərqli şəkildə qarşılandı. Fəaliyyət müddətində daha çox açıqlamaları ilə yadda qalan T.Əhmədov media sferasında da müxtəlif şəkildə xatırlanır.
Bəs, dövrün jurnalistləri Tağı Əhmədovu necə xatırlayır?
Globalinfo.az-a danışan Axar.az saytının baş redaktoru Anar Niftəliyev T.Əhmədovun qəribə cəsarətə malik olduğunu bildirib.
Onun fikrincə, sabiq rəis milli adam olub:
“İlk təsəvvürüm beləydi: kobud, ictimai davranış qaydalarına və məmur ərkanına sahib olmayan biri. Sonra qəribə cəsarəti üzə çıxdı və bəlli oldu ki, bu cəsarət sadəlövhlüyündəndir. Daha sonra onun milli musiqimizə, muğamımıza çox bağlı olduğunu gördük. Ümumiləşdirək: kobudluğu altında sadəlövhlüyü və kövrəkliyi dayanan milli adam. Xarizmatik idi, o qədər ki, 10 ildən çoxdur vəzifədən gedib, amma hələ də onu metropolitenin rəisi sayanlar var. Açıq deyək ki, onun xələfi daha qapalıdır və “görünmür”. Tağı isə hər yerdən görünürdü, rəislikdən çıxandan sonra da”.

Anar Niftəliyev
A.Niftəliyev deyib ki, vəzifədən çıxan kimi unudulanlar, yada düşməyənlər olsa da, T.Əhmədov unudulmadı:
“Tağı Əhmədov qəti unudulmadı və uzun müddət də unudulmayacaq. Fərqli tiplər hər zaman belə olur. Allah rəhmət eləsin. Şəxsən mənim yadımda 3 epizodla qalıb: media nümayəndələrinə məşhur kobudluğu, “Elmlər Akademiyası” metrosunun yanında işçisinin “Abid Şərifov o tərəfdədir” sözünü eşidəndən sonra çəkisinə və yaşına uyğun olmayan qəribə sıçrayışlarla ora doğru qaçması (bu epizod şəxsi müşahidəmdir), bir də Muğam Müsabiqəsində dinlədiyi musiqinin təsirindən ağlaması (kövrəlməsi yox, məhz ağlaması). Məncə, bu üç epizod onun haqda təsəvvür yaradır”.
Tanınmış jurnalist, LAF İnternet Televiziyasının həmtəsisçisi Ləman Ələşrəfqızı Tağı Əhmədovu kobud biri kimi tanıdığını qeyd edib:
Ləman Ələşrəfqızı
“Mən ANS-də çalışan zaman Tağı Əhmədovla bağlı iki ciddi reportajım olmuşdu. Bir müsahibəni ondan Rita Ömərova almışdı. O da jurnalistə qarşı çox kobudluq etmişdi. Xatırlayıram ki, mənim dişli bir reportajım olmuşdu, ondan 2-3 gün sonra onun vəzifədən getməsi əmri verildi. Hətta uşaqlar deyirdilər ki, Tağı Əhmədovun “evini yıxdınız”. Amma çox yaxşı reportaj hazırlamışdıq. Yadımdadır ki, o vaxt “28 May” metro stansiyasında təmir işləri aparılırdı, ora da Məhəmməd Əmin Rəsulzadənin şəkli həkk olunmuşdu. Həmin fotonu ordan götürmüşdü. Mən ümumiyyətlə, Rəsulzadənin təsvirlərinin və ya büstlərinin götürülməsinə qarşı hər zaman barışmaz olmuşam. Elə onda da Tağı Əhmədovla bağlı reportajım olmuşdu. Allah rəhmət eləsin”.
Jurnalist deyib ki, insanlar bu dünyada əməlləri ilə rəhmət və ya lənət qazanırlar:
8 dekabr 2011-ci il. İclasda Tağı Əhmədovla jurnalistlərin polemikası
“Deyirdilər ki, Tağı Əhmədov ürəyi yumşaq adamdır. Lakin jurnalistlərə qarşı kobud, danışığını bilməyən bir adam idi. İstənilən halda pisi görməsən, yaxşının qədrini bilməzsən. Məsələn, Tağı Əhmədov mətbuata açıq adam olub. Ondan sonra gələn adam kimdir? Tağı bəy ən azından adı, imzası ilə yaddaşlarda qaldı. Heç olmasa çıxıb, mətbuata müsahibə verirdi. İndi heç “Metropoliten”in rəisi kimdir, bilmirəm. Biri məndən jurnalist kimi soruşsa ki, rəis kimdir, bilməyəcəm. İnsanların yaxşı tərəfi də var, pis tərəfi də. Yəqin ki, Allah günahlarını bağışlayar”.
Əməkdar jurnalist, Globalinfo.az saytının təsisçisi Azər Ayxanın sözlərinə görə, Tağı Əhmədov vəzifədə olduğu dövrdə medianın diqqət göstərdiyi əsas simalardan olub:
“Verdiyi açıqlamalarla gündəm olurdu. Onun haqqında yazılan məqalələr hər zaman mətbuatın manşetini bəzəyib. Barəsində nə yazılırdı, maraqla oxunurdu. Media ilə münasibətləri hər zaman gərgin olub. Barəsində yazılanlara görə bütün mediaya qəzəbli idi. Bunu aradan qaldırmağın yolunu jurnalistlərlə dostlaşmaqda yox, əksinə, onlarla konflikti daha da dərinləşdirməkdə görürdü. Mediaya güzəştsiz idi. Buna baxmayaraq mənim Tağı müəllimlə münasibətim vəzifədə olduğu son 3 ildə yaxşı olub. Düzdür, əvvəl bizimlə də çox gərginlik yaşayıb. Hətta bir ara metro stansiyalarında qəzetlərin satışını qadağan etmişdi. Demişdi, bura onun obyektidir, belə istəyir”.

Azər Ayxan
A.Ayxan T.Əhmədovla dostlaşmağının qəribə tarixçəsi olduğunu qeyd edib:
“2011-ci ilin dekabr ayında o vaxtkı KİVDF ilə Mətbuat Şurası Yasamal rayon rəhbərliyi ilə media rəhbərlərinin görüşünü təşkil etmişdi. Tağı müəllim Metropolitenin rəhbəri kimi tədbirdə iştirak edirdi. İdarə Yasamalda yerləşdiyi üçün o da rəyasətdə əyləşmişdi. Çıxışında jurnalistləri tənqid etdi, mətbuatdan şikayətləndi. Dedi, qəzetlər yazıb ki, Tağı Əhmədov ölüb. Mən də replika verdim. Aramızda mübahisə başladı. Kişini provokasiyaya çəkdim. Dedim, bizə müsahibə verməkdən qorxursan. Əgər qorxmursansa, müxbir göndərim, danış, nə desən, qəzetdə verəcəyik. Birdən qayıtdı ki, müxbir niyə göndərirsən, özün gəl müsahibəyə. Sonra da zarafatla əlavə etdi: “İkimiz də rəhbər adamıq, gəl, üz-üzə danışaq”. Zal onun bu sözlərini alqışladı. Sonra bir kağız parçasına mobil nömrələrini yazıb, mənə verdi. Danışdıq, vədələşdik, geniş müsahibə aldım. Hətta etiraf etdi ki, dediklərinin hamısını qəzetdə verəcəyimizə inamı olmayıb. Çünki müsahibədə də barəmizdə tənqid demişdi. Sonralar dostlaşdıq. Hər bayramda məni qabaqlayıb, zəng edərdi. Vaxtaşırı da özəl açıqlamalar verirdi. Bir dəfə dedim, Tağı müəllim, səninlə dostlaşmaq bizə sərf etmir. Soruşdu, niyə? Dedim, əvvəl barəndə yazırdıq, 20-30 min oxunurdu, indi yaza bilmirik, həmən zəng edirsən, açıqlama verirsən, yazının təsiri ölür. Gülərək cavab verdi və “səninlə çoxdan dostlaşmalıydım” dedi. Əslində o, çox yaxşı adam idi. Kobud danışmağına, qaba rəftarına baxmayaraq, yuxa ürəyi vardı. Milli və mərd adam kimi yaddaşımda qalıb. Dostluq etməyi, münasibət qurmağı yaxşı bilirdi. Allah rəhmət eləsin”.
Zaira Akifqızı
Globalinfo.az