Husilərin arxasında Qərb kəşfiyyatı dayanır? – Qırmızı dənizə qara oyunlar

Husilərin İran vasitəsilə təşkilatlandığı, silahlandığı və Tehrandan tapşırıq aldığı haqda məlumatlar var. Amma ortada bir maraqlı məqam da var, ki, bu, şübhə yaradır: Necə olur ki, dünyanın aparıcı kəşfiyyat qurumları olan FTB, Mİ6, MOSSAD və digər öndə gələn kəşfiyyat orqanları, eləcə də Pentaqonun, NATO-nun kəşfiyyat və əks-kəşfiyyat sistemi husilərlə bacarmasın?

Bəzi ekspertlər iddia edir ki, proses elə aparıcı dövlətlərin də içində yer aldığı oyundur.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Husilərin əl-qolunun açılmasına ABŞ, Qərb özü şərait yaradır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, husilər Ədən körfəzində və Qırmızı dənizdə hökmdarlıq edirlər:

“Husilərin ticarət gəmilərinə hücumlar təşkil etməsi, birjalara, səhm bazarına, habelə qlobal ticarətə mənfi təsir edib. Xüsusilə beynəlxalq loqistika şirkətlərinin prosesdən zərər görməsi daşınma xərclərini artırır. Dünyanın aparıcı ölkələrinin gəmiləri də husilər tərəfindən hədəfə alınır.

İlyas Hüseynov

Xüsusilə diqqətçəkən məqam İranın prosesdəki roludur. Aydın məsələdir ki, husilər İranın proksi qüvvələridir və rəsmi Tehran bu qüvvələr vasitəsilə Yaxın Şərqdə öz imperialist siyasətini icra edir. O ki qaldı dünyanın aparıcı kəşfiyyat qurumları olan FTB, Mİ6, MOSSAD və digər öndə gələn kəşfiyyat orqanlarının məsələyə lazımınca reaksiya verməməsinə, deyə bilərəm ki, bu, Qərbin daha böyük planından xəbər verir.

Məsələ ondadır ki, ABŞ uzun müddətdir İrana müdaxilə imkanlarını nəzərdən keçirir. Hətta buna hazırlığın getdiyi də deyilir. Husilərin və İranın digər proksilərin regionda aktivləşməsi, habelə Əl-Qaidənin bəzi qruplarının İranda məskunlaşması Vaşinqton üçün İrana müdaxiləni leqallaşdırır.

Amma bu da bir gerçəkdir ki, İran elə də sadə bir ölkə deyil. Bu ölkə Türkiyədən sonra regionun ikinci ən güclü ordusuna sahibdir. Bundan başqa Tehran nüvə silahını əldə etməyə çox yaxındır. İranın dini ideoloji gücü də bu ölkə ilə müharibəni çox çətin edir”.

Turan Rzayev
Globalinfo.az