
Dünən Binyamin şəhərində 4 nəfərin ölümü, 67 nəfərin yaralanması ilə nəticələnən “Hizbullah”ın PUA hücumu müasir müharibədə dronların artan təhlükəsini nümayiş etdirir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.
Nəşrin məlumatına görə, zərbə “Hizbullah”ın uzun müddətdir istifadə etdiyi Mirsad-1 PUA-sı ilə endirilib:
“Mirsad-1 İranın “Mühacir-2” PUA-sının modeli əsasında “Hizbullah” əməliyyatları üçün uyğunlaşdırılıb. 40 kiloqrama qədər partlayıcı daşıya bilən PUA saatda 370 kilometr sürətə malikdir və 120 kilometr məsafə qət edə bilir. “Hizbullah” 2002-ci ildən bəri Mirsad-1-dən kəşfiyyat və hücum zərbələri, İsrailin hava məkanını keçmək üçün istifadə edir”.
Bildirilib ki, Binyaminə (hayfanın cənubundakı hərbi baza) hücum zamanı “Hizbullah” raket atəşi altında bir neçə PUA-nı işə salıb ki, bu taktika İsrailin müdafiə sistemlərini alt-üst etməyə hesablanıb. PUA-lardan biri İsrail hava hücumundan müdafiə sistemlərindən yayına və Binyamin rayonuna düşə bilib.
İsrailin “Defense Industry Daily” qurumunun hesabatına görə, bu, Mirsad-1-in İsrail müdafiəsini yarıb küçməsi ilə bağlı ilk hal deyil. Bu il də “Hizbullah” PUA-ları İsrail üzərində dövrə vurandan sonra Livana qayıtmışdılar.
Qeyd edək ki, “Hizbullah” PUA-sının İsrailin dərinliyinə (Hayfaya) hücumu zamanı radarların onu qeydə ala bilməməsi və sirenlərin işə düşməməsi şok effekti verib.