Hikmət Mirzəyevin təyinatı: Nələr gözlənilir? – Ekspert açıqladı

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata, bir neçəsi isə istefaya göndərilib. General-leytenant Ənvər Əfəndiyevin müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad edilməsi, general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini vəzifəsinə təyin edilməsi ictimaiyyətdə maraqla qarşılanıb.

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli deyib ki, 2013-2014-cü ildən başlayaraq Silahlı Qüvvələrdə bir-birinin ardınca kadr islahatları həyata keçirilir və bu islahatlar ordunun təkmilləşdirilməsinə, inkişaf etməsinə xidmət edir.

Ramil Məmmədli

Ekspert qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsindən dərhal sonra Silahlı Qüvvələrdə yeni yaradılan Quru Qoşunlar və onun tərkibindəki komando hərbi birləşmələrinin formalaşdırılması prosesi məhz General-leytenant Ənver Əfəndiyevə tapışdırıldı:

“Ənvər Əfəndiyevin bu missiyanı uğurla həyata keçirdi. Təbii ki, iş olan yerdə nöqsanlar da, problemlər də ola bilər, bu, təbiidir. Lakin bir hərbi qulluqçu, bir general kimi, Ali Baş Komandandan tərəfindən tapşırılan və onun üzərinə qoyulan tapışırıqlar icra olundu. Nəzərə almaq lazımdır ki, hər kəsin bir missiyası, bir fəaliyyət istiqaməti var. Ə.Əfəndiyev də həmin missiyanı onun üçün ayrılan vaxta qədər davam etdirdi, həyata keçirdi. İndi də növbə general-leytenat Hikmət Mirzəevindir”.

R.Məmmədli Hikmət Mirzəyev haqqında uzun-uzadı danışmağa ehtiyac görmədiyini bildirib:

“Unutmaq lazım deyil ki, Azərbaycan Silahlı Qüvvələri Müdafiə Nazirliyinin tərkibində olan hərbi birləşmələr özünün yeni təkmilləşdirmə dövrünə qədəm qoyub. Bu artıq 2024-cü ilin əvvəlindən sezildi. 2024-cü ildən başlayaraq ordu daha genişmiqyasda təkmilləşdirmə dövrünə başlayır. Yəni peşəkar-hərbi birləşmələrin sayı artırılmağa doğru gedəcək.

Hesab edirəm ki, Quru Qoşunların fəaliyyətində hərbi qulluqçuların peşəkarlığının artırılması məsələsində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) təcrübəsindən istifadə ediləcək və bu istiqamətdə zəruri addımlar atılacaq. Nəzərə almaq lazımdır ki, həm Quru Qoşunlar, həm də XTQ ayrı-ayrı təyinatlı hərbi birləşmələr idi. Lakin Vətən müharibəsindəki təcrübə, buna qədərki və ondan sonraki fəaliyyəti məhz Hikmət Mirzəyevə imkan verir ki, Quru Qoşunların komandanı kimi bu bölmənin də, bu birləşmənin də fəaliyyətini daha da təkmilləşdirsin, gücləndirsin.

Bu, Hikmət Mirzəyevə verilən böyük etimaddır. Bilirik ki, ordunun əsas hissəsi Quru Qoşunlardır və bu baxımdan Quru Qoşunların komandanı kimi Hikmət Mirzəyevin üzərinə çox böyük bir məsuliyyət düşür. Hesab edirəm ki, onun komandası Quru Qoşunlarda həm komando hərbi birləşməsinin, həm digər qoşun növlərinin daha da təkmilləşdirilməsi istiqamətində funksiyanı yerinə yetirəcək”.

Zaira Akifqızı
Globalinfo.az