Hər an müharibə başlaya bilər – Sərhəddə qan töküldü: “Qisas ağır olacaq”

Son günlər Ermənistan tərəfindən təxribat və atəşkəs pozuntuları intensiv şəkildə artır. Aprelin 10-da saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Məlumata görə, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Ermənistanın bu addımlarına Azərbaycan necə cavab verəcək? Müharibə başlaya bilərmi? Genişmiqyaslı hərbi əməliyyatlara start verilməsi mümkündürmü?

Ədalət Verdiyev

Mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Fransanın təhriki ilə Azərbaycanla sərhəddə gərginlik yaratmağa çalışan Ermənistan kövrək çiyinlərinin daşımayacağı bir yükün altına girib:

“Atəşkəsin pozulması nəticəsində Qubadlı istiqamətində Azərbaycan ordusunun zabiti, baş leytenant Rövşən Məmmədov yaralanmşdır.
Görünür, Azərbaycanın son günlər atəşkəs pozuntusu, Ermənistanın gərginlik yaratması ilə bağlı etdiyi xəbərdarlıqlar Nikol Paşinyan komandası tərəfindən nəzərə alınmayıb. Bu atəşkəsin pozulması hallarının aradan qaldırılması üçün heç bir praktik addım atılmadı”.

Hərbi ekspertin fikrincə, Ermənistan ordusunun Azərbaycanla şərti sərhəddə yerləşən birləşmələri tərəfindən açılan atəş rəsmi Bakının səbir kasasını daşırmağa hesablanıb:

“Baş leytenant Rövşən Məmmədovun qisası yerdə qalmayacaq. Azərbaycan Ordusu daha əvvəl olduğu kimi Ermənistandan qisasımızı 10 qat artıq alacaq. Bu dəfə İrəvan canlı qüvvə və silah-sursat itkilərinə məruz qalacaq. Zərurət yaranarsa, Azərbaycan Ordusunun hissə və bölmələri bizə qarşı atəş açılan mövqelərdə bayrağımızı dalğalandıracaq. Gələcəkdə bu atəşkəs pozuntularının qarşısının alınması üçün şərti sərhəddə bufer zonanın yaradılması məsələsinə də baxılacaq”.

Safura Bənnayeva
Globalinfo.az