1993-cü ildə Azərbaycan müstəqilliyinin ən ağır mərhələlərindən birini yaşayırdı. Ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda qarşıdurmalar və dərinləşən xaos dövlət idarəçiliyini iflic hala salmışdı. Bütün bunlar Azərbaycanın gələcəyini ciddi təhlükə altına qoyurdu.
Belə bir şəraitdə Heydər Əliyevin Bakıya qayıdışı ölkənin siyasi həyatında dönüş nöqtəsi kimi qiymətləndirilir. Bəs əgər o, həmin dövrdə hakimiyyətə gəlməsəydi, Azərbaycanı hansı ssenarilər gözləyə bilərdi?
Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, həmin ilin iyununda Azərbaycan çox ağır vəziyyətlə üz-üzə qalmışdı:
“Ölkədə siyasi qarşıdurma dərinləşmiş, dövlət idarəçiliyində ciddi problemlər yaranmışdı. Hakimiyyətdə olan Xalq Cəbhəsi-Müsavat iqtidarı vəziyyətə nəzarəti saxlamaqda çətinlik çəkirdi. Müxtəlif silahlı qruplar arasında qarşıdurma təhlükəsi artır, ölkədə vətəndaş müharibəsi ehtimalı gündən-günə yüksəlirdi. Bir tərəfdən torpaqlarımız işğal altında qalır, digər yandan isə paytaxtda və bölgələrdə siyasi gərginlik dərinləşirdi. Dövlət institutları zəifləyir, insanların gələcəyə inamı azalırdı. Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi və dövlətçiliyin taleyi ciddi təhlükə altında idi”.
Deputat bildirib ki, belə bir vaxtda xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu:
“Onun siyasi təcrübəsi və qətiyyətli addımları ölkədə sabitliyin bərpasında mühüm rol oynadı. Qısa müddətdə daxili qarşıdurmanın qarşısı alındı, dövlət idarəçiliyində nizam yaradıldı və ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı. Əgər Heydər Əliyev həmin dövrdə Bakıya gəlməsəydi, Azərbaycan daha dərin siyasi böhranla üzləşə, vətəndaş qarşıdurmasına sürüklənə və hətta dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşa bilərdi.
Tarixin həmin mərhələsinə baxdıqda görünür ki, 1993-cü ilin iyun hadisələri Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ən həlledici dövrlərdən biri olub”.
Ləman İmran
Globalinfo.az