meydan hebib 3454

Meydan TV-nin son günlərdəki fəaliyyəti müzakirə edilən əsas mövzulardandır. Bu media resursunun bəzi Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının sifarişi ilə Azərbaycan əleyhinə fəaliyyət göstərməsi haqda iddialar yenidən aktuallaşıb.

Bildirilir ki, Meydan TV azərbaycanlı ekoloqların və QHT nümayəndələrinin Xankəndi yolunda keçirdiyi aksiyanın pislənilməsi kampaniyasını sifarişlə həyata keçirir. Sifarişin erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan şəbəkədən gəldiyi deyilir. Ermənistan mediası Meydan TV-yə istinadla “azərbaycanlılar da aksiyaya inanmır” başlıqları ilə tirajlayır, xarici dillərdə yayımını təşkil edirlər. “Dağlıq Qarabağ mühasirə altındadır” yazan Meydan TV-nin erməni maraqlarını açıq mətnlə müdafiə etdiyi deyilir.

Globalinfo.az Meydan TV-nin Almaniyada yaşayan rəhbəri Həbib Müntəzirdən səslənən iddialara münasibət öyrənib.

Onun sözlərinə görə, Meydan TV media orqanıdır, azad jurnalistika fəaliyyəti ilə məşğuldur:

“Meydan TV nə anti-Azərbaycan, nə də anti-hökumət təbliğatı aparır, elə bir məqsədi, niyyəti yoxdur. Azərbaycan kimi avtoritar üsullarla idarə olunan sistemlərdə istənilən müstəqil və azad media fəaliyyəti anti-təbliğat və agentura filan kimi qeyri-real ittihamlarla üzləşir. Çünki bu tip hökumətlər alışıblar əllərində və nəzarətlərində olan mediaları diktə ilə, göstərişlə idarə etsinlər. Onların idarə və iradəsindən kənar olan istənilən fəaliyyət cinayətdir, harasa, kimlərəsə işləməkdir. Bu baxımdan bu tip münasibətləri qeyri-ciddi qəbul edirəm, amma əlbəttə ki, istənilən şəxs istədiyi şeyi düşünməkdə və dilə gətirməkdə azaddır”.

H.Müntəzir eko-fəalların Xankəndi yolunda keçirdiyi aksiya barədə qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə istənilən şəxsin sərbəst toplaşmaq azadlığı var və ölkənin istənilən yerində bu hüququnu icra etmək imkanına sahib olmalıdır:

“Çox istərdim ki, ölkədəki hər bir vətəndaş, o cümlədən Bakıda ictimai-siyasi fəaliyyətlə məşğul olan, narazı insanlar, etirazçı kütlə də Laçın yolundakı etirazçılar kimi hüquqa sahib ola bilsinlər.

Ümumilikdə isə aksiyanın Rusiya Federasiyasının icazəsi, hökumətin isə təşkilatçılığı ilə keçirildiyi gün kimi aydındır. Yəqin Azərbaycan hakimiyyəti Xankəndidə yaşayan erməni vətəndaşları sülhəməcburetmə siyasəti yürütməyə çalışır. İstənilən halda yolda gediş-gəliş məhdudlaşdırılıb, sadəcə sülhməramlılara məxsus humanitar adlandırılan avtomobillərə icazə verilir. Xankəndidə yaşayan əhali çətinlik çəkdiyini bildirir. Ümid edirəm, aksiyanın nəticəsi olaraq heç bir tərəfdən ağır fəsadlar yaşanmaz. İstər Xankəndidəki qondarma hökumət, istərsə dünya tərəfindən legitim tanınan Azərbaycan hökuməti öz vətəndaşı adlandırdığı mülki əhalinin təhlükəsizliyini qorumalıdır. Ermənistan hakimiyyəti də, rəsmi Kreml də bunu dərk etməli, masaya əyləşib, bu böhranı diplomatik yolla həll etməlidirlər və nəhayətdə, sülh sazişi imzalanmalıdır”.

O, Meydan TV-nin əməkdaşlarının aksiya keçirilən əraziyə buraxılmaması və saxlanılması iddialarının təkzib edilməsi ilə bağlı da fikir bildirib:

“Meydan TV-nin əməkdaşları təəssüflər olsun ki, Şuşadakı aksiyada jurnalist fəaliyyətlərini yerinə yetirə bilməyiblər. Halbuki orada hökumətə yaxınlığı ilə bilinən onlarla media qurumu fəaliyyət göstərir. Jurnalist əməkdaşlarımız saxlanılaraq ərazidən uzaqlaşdırılıb və Bakıya gətiriliblər. Sonra əllərindəki çəkdikləri materiallar silinib və Bakıda sərbəst buraxılıblar. DİN isə hər zaman olduğu kimi öz ampluasındadır”.

Xatırladaq ki, Meydan TV-nin əməkdaşı Xəyalə Ağayeva sosial şəbəkə hesabında Şuşa-Xankəndi yolundakı aksiyada çəkiliş edərkən mülki və qara maskalı şəxslər tərəfindən jurnalist həmkarları Aytac Tapdıq və Teymur Kərimovla birlikdə saxlanıldıqlarını iddia edib.

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev onların icazə sənədi olmadan əraziyə keçmək istədiklərini, bunun üçün də oradan uzaqlaşdırıldıqlarını bildirib. E.Hacıyev qeyd edib ki, saxlanılan yoxdur.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: