Ağdaşın Kotavan kəndində Əhmədiyə Qurbanovun Yusif Hüseynovu bıçaqlanmasına səbəb olan hadisə ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, rayon ərazisində musiqiçi kimi fəaliyyət göstərən bu iki şəxsin mübahisəsi toy üstündə olub. Yusif Hüseynov Əhmədiyə Qurbanovla toy sifarişlərinə getmək istəməyib.
Hadisə zamanı xəsarət alan Yusif Hüseynov Ağdaş şəhərində yaşayır, Əhmədiyə Qurbanov isə Binələr kəndində qeydiyyatdadır. Hər ikisi müvəqqəti olaraq Kotavan kəndində məskunlaşıblar. Onlar birlikdə kəndələrdə təşkil olunan məclislərə gedirlər. Həm dost, həm də yaxın qohumdurlar. Əhmədiyə gitaraçı, Yusif isə müğənnidir.
Hadisə bu gecə saat 1 radələrində Kotavan kəndində baş verib.
Yusif Əhmədiyəni daha toylara aparmaq istəməyib. Bundan əsəbiləşən Əhmədiyə Yusiflə mübahisə edib. Mübahisə qanlı olayla nəticələnib.
Kənd sakinlərindən biri deyib ki, Yusif Hüseynov hazırda əməliyyat olunur, onun mədə boşluğunda qanaxma var. Vəziyyətinin ağır olduğu deyilir.
Rəsmi məlumata görə, 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. O, dərhal xəstəxanaya çatdırılıb.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.
***09:43
Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.
Bildirilir ki, bıçaqlanan şəxs rayonda fəaliyyət göstərən müğənni olub. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov isə gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.
Əhmədiyə Qurbanovun insident zamanı sərxoş olduğu deyilir.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb: “Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.