Ermənistan iki gün ərzində hücum edə bilər – Hazırlıq başladı

Son günlər Ermənistanın Naxçıvan istiqamətində aktivləşməsi, əraziyə hərbi texnika, qoşun cəmləməsi və bunların fonunda atəşkəsi pozması regionda növbəti “Aprel savaşı”nın ola biləcəyi ehtimallarını gündəmə gətirib. Artıq Azərbaycan Müdafiə Nazirliyi sözügedən addımlarla bağlı rəsmi İrəvana xəbərdarlıq edib.

Maraqlıdır, Ermənistan təxribat törətmək üçün niyə Naxçıvanı seçdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistanın şərti sərhəddə təxribat törədəcəyi ilə bağlı ehtimallar var idi:

“Naxçıvanın Kərki kəndi istiqamətində Ermənistanın zirehli texnikalarının, silahlı qüvvələrinin, artilleriya vasitələrinin hərəkəti müşahidə olunmuşdu. Bundan sonra hücum xarakterli müşahidə məntəqələrinin yaradılması fəaliyyətini icra etdilər. 5 aprel görüşünə qədər Ermənistanın həm şərti sərhəddə, həm də Kərki istiqamətində təxribat törətməsi gözlənilən idi”.

Politoloq qeyd edib ki, İrəvan Brüssel görüşündə Azərbaycan və Rusiya tərəfindən təhlükəsizliyinə təhdid olduğunu deyərək təminat istəyəcək:

“Buna görə də indi regionda gərginlik yaratmaqda maraqlıdır. Beləliklə gələcəkdə Avropa İttifaqının hərbi gücünü ərazilərində yerləşdirməyə əlində bəhanə olacaq. İrəvan meydanda gərginliyin mövcudluğunu əsaslandırmağa çalışır. Hətta qarşıdakı iki gündə Azərbaycanı adekvat cavab verməyə təhrik etmək üçün təxribatların həcmini genişləndirə bilər”.

Safura Bənnayeva
Globalinfo.az