Gəncə şəhərində ölümlə nəticələnən partlayışın bəzi təfərrüatı məlum olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə baş verən ev hadisədə ölən Adil adlı şəxs tərəfindən kirayəyə götürülübmüş və o, həmin evə həftədə bir-iki dəfə gəlirmiş.
Qonşuların dediyinə görə, Adil adlı ortayaşlı kişi ailəli olub və başqa yerdə yaşayırmış. Bu evi isə o, sevgilisi ilə görüşmək üçün kirayələyibmiş. Hadisə zamanı Adillə mənzildə olan 64 yaşlı qadın isə onun uzunmüddətli sevgilisi olub.
Məlumata görə, hadisədən bir neçə gün qabaq Adil həmin qadınla dalaşıbmış. Dünən axşam saatlarında onlar yenidən həmin evdə görüşüblər və qadın Adildən pul istəyib. Adil isə qadına vermək üçün pulunun olmadığını deyib. Nəticədə aralarında mübahisə baş verib.
Hadisədən sonra qadın mətbəxə keçərək qazı açıq qoyaraq evi tərk etmək istəyib. Qadın evdən çıxarkən tərəflər arasında yenidən mübahisə başlayıb və Adil qadına bıçaqla xəsarət yetirib. Mübahisə sakitləşəndən sonra kişi mətbəxdən balkona çıxmaq istəyərkən siqaret yandırıb və nəticədə partlayış baş verib.
***14:02
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***13:14
Gəncədə mənzildə partlayış olub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, şəhərdə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzildə anidən partlayış olub.
İlkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
