İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə ilə hərbi qarşıdurmadan yayınmağa çalışdığını bildirib. Ümumilikdə, İsraillə Türkiyənin gələcəkdə hansısa nöqtədə hərbi toqquşma yaşayacağı ilə bağlı iddialar səsləndirilir.
Bəs bu ehtimallar nə dərəcədə realdır? Türkiyə ilə İsrail arasında müharibə baş verərsə, bu, hansı ssenari üzrə inkişaf edə bilər?
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Türkiyə ilə İsrail arasında mümkün hərbi qarşıdurma Yaxın Şərqin təhlükəsizlik sistemini dəyişə və NATO daxilində ciddi siyasi sınağa səbəb ola biləcək ssenarilərdən biridir.
“Türkiyənin belə bir müharibə zamanı Qərb tərəfindən tək buraxıla biləcəyi ehtimalı gözardı edilməməlidir. Avropa hələ də Türkiyəni özünə bərabər tərəfdaş kimi qəbul etmir, NATO isə rəsmi Ankaradan əsasən öz maraqları naminə istifadə edir. Lakin Türkiyənin NATO üçün hərbi-strateji əhəmiyyəti, alyansın müqavilə öhdəlikləri və ABŞ-ın regional maraqları nəzərə alındıqda, Ankaranın mümkün müharibədə mütləq tək buraxılacağını iddia etmək çətindir.
Eyni zamanda, NATO-nun Türkiyənin İsrailə qarşı başladığı istənilən hərbi əməliyyatı avtomatik dəstəkləyəcəyini düşünmək də düzgün olmazdı.
Türkiyənin NATO üzvlüyü onu Qara dəniz hövzəsi, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqaz arasında mühüm strateji mərkəzə çevirir. Ankara həm Qara dənizdə təhlükəsizlik balansına, həm də Yaxın Şərqdəki böhranların idarə olunmasına təsir göstərən əsas regional aktorlardan biridir. Türkiyənin təhlükəsizliyinə təhdidin yaranması NATO-nun cənub-şərq cinahı, Qara dənizdəki mövqeləri və Yaxın Şərqdəki maraqları baxımından da problem yarada bilər”.
Ekspert hesab edir ki, bununla belə, Türkiyənin strateji əhəmiyyəti alyansın onun bütün siyasi və hərbi qərarlarını dəstəkləyəcəyi anlamına gəlmir:
“NATO-nun kollektiv müdafiə prinsipinin əsasını 5-ci maddə təşkil edir. Bu maddəyə əsasən, müqavilənin tətbiq dairəsinə daxil olan bir üzvə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum hesab olunur və digər müttəfiqlər hücuma məruz qalan dövlətə yardım göstərməlidirlər. Lakin 5-ci maddə bütün NATO üzvlərinin avtomatik olaraq eyni hərbi əməliyyata qoşulmasını nəzərdə tutmur. Hər bir dövlət zəruri hesab etdiyi yardım formasını müəyyənləşdirir. Şimali Atlantika Müqaviləsinin 6-cı maddəsi Türkiyə ərazisini də 5-ci maddənin coğrafi əhatə dairəsinə daxil edir.
Bakir Həsənbəyli
Türkiyə ilə İsrail arasında mümkün qarşıdurmanın hüquqi və siyasi nəticələri münaqişənin necə başlamasından asılı olacaq. Əgər İsrail Türkiyə ərazisinə silahlı hücum etsə və hadisə NATO müqaviləsinin tətbiq şərtlərinə cavab versə, Ankara kollektiv müdafiə mexanizminin işə salınması məsələsini gündəmə gətirmək üçün ciddi hüquqi əsas əldə edə bilər. Belə vəziyyətdə NATO-nun Türkiyəyə hansı formada yardım göstərəcəyi alyansın etibarlılığı baxımından mühüm sınaq olardı.
Əgər Türkiyə İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata özü başlasa, vəziyyət daha da mürəkkəbləşər. NATO üzvlüyü Ankaraya istənilən hücum əməliyyatı üçün avtomatik hərbi dəstək hüququ vermir. Alyansın Türkiyəni müdafiə etməsi ilə Türkiyənin İsraillə apardığı bütün hərbi əməliyyatları dəstəkləməsi eyni şey deyil.
Türkiyə ilə İsrail arasında birbaşa müharibə ABŞ-ı çətin siyasi seçim qarşısında qoya bilər. Vaşinqton üçün Türkiyə NATO-nun mühüm üzvü, İsrail isə Yaxın Şərqdə əsas təhlükəsizlik tərəfdaşlarından biridir. Bir tərəfdən, Türkiyə ərazisinə qarşı silahlı hücum NATO-nun kollektiv müdafiə mexanizmini gündəmə gətirə bilər. Digər tərəfdən, İsraillə yaxın münasibətlər ABŞ-ın regional siyasətinə və təhlükəsizlik maraqlarına təsir göstərir”.
Turan Rzayev
Globalinfo.az