Füzulidə iki nəfərin həlak olduğu dəhşətli qəzanın görüntüsü – ANBAAN VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. 

İdarədən Globalinfo.az-a verilən məlumata görə, ötən gün saat 19 radələrində Ağstafa rayon sakini,​ 2000-ci il təvəllüdlü Elxan Eynur oğlu Həsənov Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində idarə etdiyi “Mercedes Benz” markalı, 90-XM-210 dövlət qeydiyyat nişanlı avtomobillə sərt döngədə idarəetməni itirib. Nəticədə əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn Salyan şəhər sakini, 1985-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Nəzərovun idarə etdiyi VAZ-2106 markalı, 07-BG-127 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində VAZ markalı avtomobildə olan sərnişin Yaşar Mirzə oğlu Əhmədov hadisə yerində, sürücü Rəşad Nəzərov isə yerləşdirildiyi tibb müəssisəsində vəfat ediblər.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, qəza nəticəsində xəsarət almış şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.