Fransada sosial xərclərin azaldılması planlarına qarşı keçirilən kütləvi etiraz aksiyalarında polis 300-dən çox şəxsi saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bryuno Retayo məlumat verib. Onun çıxışı BFMTV telekanalı vasitəsilə yayımlanıb.
Nazirin sözlərinə görə, ümumilikdə 309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib.
“Onların Fransanı bloklamaq cəhdi uğursuz oldu”, – deyə Retayo vurğulayıb.
Fransanın Daxili İşlər Nazirliyi əvvəlcə aksiyalarda 500 mindən çox insanın iştirak etdiyini açıqlayıb. Ölkənin aparıcı həmkarlar ittifaqlarından biri isə real sayın 1 milyondan çox olduğunu iddia edib.
Paytaxt Paris və Nant, Renn, Lion, Marsel kimi şəhərlərdə aksiyalar iğtişaşlara çevrilib. Qruplar mağazaları, bank şöbələrini dağıdıb, polis isə etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. Hadisələrin qarşısını almaq üçün hökumət 80 mindən çox polis və jandarmı, həmçinin zirehli texnika və dronları küçələrə çıxarıb.
*** 19:39
Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 140 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.
Məlumata görə, Paris istisna olmaqla, ölkə üzrə etirazlarda təxminən 264 min nəfər iştirak edib. Ümumilikdə 427 aksiya keçirilib.
Etirazlar, əsasən, Fransa hökumətinin təklif etdiyi sərt iqtisadi tədbirlərə qarşı yönəlib. Cümə axşamı səhər saatlarında təxminən 10 min nəfər müxtəlif şəhərlərdə küçələrə çıxaraq bu tədbirlərə etiraz edib.
Hadisələr zamanı polis və etirazçılar arasında gərgin anlar yaşanıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində onlarla etirazçı saxlanılıb.
Fransada sosial narazılıqların fonunda etirazların davam edəcəyi gözlənilir.
