Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahidlə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. O bildirib ki, 2025-ci il oktyabrın 21-də Paris Cinayət Məhkəməsi Qənimət Səlim oğlu Zahidov barəsində hökm çıxarıb. Həmin hökmə əsasən Zahidov Fransa qanunvericiliyinə uyğun olaraq cinayət törətmiş şəxs hesab edilib və bu ölkədə cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilib. Çingiz Qənizadə qeyd edib ki, 2019-cu ildə başladığı hüquqi prosesi 2025-ci il oktyabrın 21-də uğurla yekunlaşdırmağa nail olub. O, məhkəmə prosesinin uzun çəkməsini pandemiya dövrü ilə əlaqələndirib. Məlum olduğu kimi, Azərbaycandan kənarda yaşayan və ölkə əleyhinə təbliğat aparan şəxslər də var. Onların hüquqi məsuliyyətə cəlb olunmasının mümkün olub-olmaması maraq doğurur.
Bənzər hüquqi proseslər “söyüş müxalifəti” üçün də başlaya bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, xarici ölkələrdə məskunlaşaraq rəqəmsal platformalar vasitəsilə təhqir, şərəf və ləyaqətin alçaldılması, eləcə də dezinformasiya xarakterli fəaliyyətlə məşğul olan şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi həm Avropa qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından mümkündür.
“Paris Cinayət Məhkəməsinin məlum hökmü bu istiqamətdə mühüm hüquqi presedentdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci hissəsinə əsasən, söz azadlığından istifadə müəyyən vəzifə və məsuliyyətlə müşayiət olunur. Bu norma digər şəxslərin şərəf və ləyaqətinin, eləcə də nüfuzunun qorunması məqsədilə söz azadlığının mütləq hüquq olmadığını və zəruri hallarda qanunla məhdudlaşdırıla biləcəyini təsbit edir.
Həmin şəxslərin yaşadıqları Avropa İttifaqı (Aİ) ölkələrinin cinayət-prosessual qanunvericiliyi zərərçəkmiş şəxslərin və ya aidiyyəti qurumların müraciəti əsasında analoji cinayət təqiblərinin başlanmasına imkan verir. Rəqəmsal məkanda törədilən təhqir və böhtan xarakterli əməllər transmilli xarakter daşıdığından, məlumatın yayıldığı və təsir göstərdiyi hər bir yurisdiksiyada ayrıca hüquqi iddia qaldırılması üçün kifayət qədər hüquqi əsas mövcuddur”.
Bəhruz Məhərrəmov
Deputatın sözlərinə görə, belə cinayət işləri üzrə məhkəmə təhqir və kiberzorakılıq faktını sübuta yetirərsə, yerli qanunvericiliyə uyğun olaraq şərti və ya real azadlıqdan məhrumetmə cəzası, iri məbləğdə cərimə, eləcə də mənəvi zərərin ödənilməsi barədə qərarlar qəbul edilə bilər:
“Bununla yanaşı, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı çərçivəsində qanuni məhkəmə qərarları əsasında həmin şəxslərin sosial media hesablarının məhdudlaşdırılması və ya platformalardan uzaqlaşdırılması ilə bağlı inzibati mexanizmlər də tətbiq oluna bilər. Ən mühüm siyasi-hüquqi nəticələrdən biri isə ondan ibarətdir ki, yaşadıqları ölkənin cinayət qanunvericiliyini sistemli şəkildə pozduqları məhkəmə hökmü ilə təsdiqlənən şəxslərin siyasi sığınacaq və ya daimi yaşayış statusuna yenidən baxılması üçün hüquqi əsas yarana bilər. Bu isə onların malik olduqları hüquqi təminatların gələcək taleyinə birbaşa təsir göstərə bilər”.
Safura Bənnayeva
Globalinfo.az