Fransa Qazaxıstandan uran idxalına başlamaq istəyir. Görünməyən tərəf isə budur ki, indiki həssas dövrdə Fransa-Qazaxıstan münasibətləri Türkiyə və Azərbaycanda xoş qarşılanmaya bilər. Hər nə qədər dövlətlərin öz maraqları olsa da Qazaxıstan Türk Dövlətləri Təşkilatında təmsil olunur. Paris isə əsrlərdi türk dünyasına qarşı açıq savaş aparır. Son illər isə rəsmi Parisin Türkiyəyə, özəlliklə də Azərbaycana qərəzli, düşməncə münasibəti hər kəsə bəllidir. Fransa Ermənistanı sürətlə silahlandırır. Revanşizmi körükləyir. Cənubi Qafqazı yendiən gərginlik mənbəyinə çevirməyə çalışır.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Qazaxıstan müstəqil dövlət olaraq özünün xarici ticarətdə tərəfdaşlarını seçməkdə sərbəstdir.
Politoloqun sözlərinə görə, Qazaxıstan Azərbaycan və Türkiyə maraqlarını nəzərə alır:
“Qazaxıstan Fransa ilə münasibətləri inkişaf etdirərkən və enerji sektorunda uranın satışı barədə müəyyən anlaşmalar həyata keçirərkən özünün ən yaxın müttəfiqləri olan türk dövlətlərinin, xüsusilə də Türkiyə və Azərbaycanın da maraqlarını nəzərə alır. Fransanın hazırda Qazaxıstandan uran alması Qazaxıstanın bu prosesdə ticarətdən əldə etdiyi gəlirlərlə bərabər, həm də Fransanı enerji sahəsində özündən asılı vəziyyətdə saxlayır. Biz bunu nəzərdən qaçırmamalıyıq. Fransanın Azərbaycana, o cümlədən Türkiyəyə qarşı düşmən münasibəti hər kəsə bəllidir. Amma hazırda konyunktura dəyişir. Belə ki, Türk Dövlətləri Təşkilatı bir gücə çevrildikcə, Orta Dəhlizə nəzarət tam şəkildə Mərkəzi Asiyadan Avropaya qədər türk dövlətlərinin nəzarətində olacaqsa çox şey dəyişəcək.
Oqtay Qasımov
Çünki Fransa bu güclə hesablaşmaq məcburiyyətində qalacaq və siyasətinə yenidən baxmalı olacaq. Hazırda rəsmi Paris nə qədər çalışsa da, onun həm Cənubi Qafqazdakı proseslərə, həm Orta Asiyaya nüfuz etmə imkanları heç də çox deyil. Nəzərə alaq ki, son illər Orta Asiya və Cənubi Qafqazda Türkiyənin rolu artıb. Eyni zamanda Orta Asiyada Rusiya və Çinin maraqları, həm də ciddi kapital yatırımları var. O baxımdan Qazaxıstanın Fransa ilə müəyyən əməkdaşlıq etməsini, ticarət dövriyyəsinin artmasını Türk Dövlətləri Təşkilatını hansısa ciddi bir narazılığa gətirə biləcəyini düşünmürəm”.
Politoloq deyib ki, Qazaxıstan müstəqil dövlət olaraq atdığı addımlarda sərbəstdir:
“Fikrimcə, bu tipli məsələlərdə türk dövlətlərinə daxil olan təşkilatlar arasında müəyyən məsləhətləşmələr həyata keçirilir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, Astana və Paris arasında belə niyyət olsa da, hələlik uranın daşınması ilə bağlı ciddi problemlər mövcuddur. Bildiyiniz kimi, uranın təyyarə ilə daşınmasına icazə verilmir. Hansısa gəmilər vasitəsilə daşımaq üçün də mütləq Azərbaycan ərazisindən keçməli və biz buna icazə verməliyik. Bu məsələlər hələ həllini tapmayıb. Təbii ki, uran daşımaq niyyəti var. Fransa Afrika qitəsindən qovulandan sonra və Afrikadan tədarük etdiyi urandan əli üzüldüyü üçün Orta Asiya bazarlarına üz tutur. Ona görə də Özbəkistanla Qazaxıstandan uran məmulatlarının idxalını həyata keçirmək istəyir ki, özünün atom elektrik stansiyalarının uranla təminatında yararlana bilsin. Bu, ticarətlə bərabər, həm də bir siyasətdir. Düşünürəm ki, əslində məhz belə məsələlərdə Türk Dövlətləri Təşkilatı və Qazaxıstan olaraq məsələni öz lehimizə çevirməyi bacarmalıyıq. Bundan isə Fransaya qarşı təzyiq vasitəsi kimi istifadə etmək mümkündür”.
Zaira Akifqızı
Globalinfo.az