İdarə etdiyi avtobusu sürməkdən imtina edən sürücü Fəqan Rəhimovun “TikTok” hesabında etdiyi paylaşım müzakirələrə səbəb olub. O bildirib ki, işdən çıxarılması ilə bağlı iddialar yalandır.
Globalinfo.az-ın xəbərinə görə, sürücünün bu sözləri ilə bağlı “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən sürücü ilə əmək münasibətlərinə xitam verilməsi istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosedurlara başlanılıb.
“Bununla bağlı Həmkarlar İttifaqı Komitəsinə rəsmi müraciət ünvanlanıb.
Hazırda sürücü avtobusların idarə edilməsinə və sərnişindaşıma fəaliyyətinə buraxılmır. Əmək müqaviləsinə xitam verilməsi qanunvericiliklə müəyyən edilmiş prosedur və müddətlərə riayət olunmaqla rəsmiləşdiriləcək”, – deyə şirkət rəsmisi məlumat verib.
Xatırladaq ki, oktyabrın 22-də Bakıda 5 nömrəli marşrutda avtobus sürücüsü Fəqan Rəhimovla sərnişinlər arasında mübahisə baş verib, sürücü nəqliyyat vasitəsini sürməkdən imtina edib. Məsələ ilə bağlı “BakuBus” MMC-nin açıqlamasında bildirilib ki, sürücü vəzifəsindən azad edilib.