Fidan SƏRT DANIŞDI: “Türkiyə İsraili məsuliyyətə cəlb etməyə çalışacaq”

“Türkiyə fələstinlilərə qarşı törədilən hadisələrə görə İsraili məsuliyyətə cəlb etməyə çalışacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radmanla Ankarada keçirdiyi birgə mətbuat konfransında fikir səsləndirib.

Fidan bildirib ki, Qəzza zolağında müharibə daha böyük miqyas alır və bunu Yaxın Şərqdəki cari hadisələr də göstərir:

“Qırmızı dənizdə, Suriyada və İraqdakı hadisələrin Qəzza zolağındakı müharibəyə getdikcə daha da böyük təsir göstərdiyini görürük. Bu faktı nəzərdən qaçırmamalıyıq”, – deyə Fidan bildirib.

Fidan əlavə edib ki, Ankara dəfələrlə fələstinlilər üçün bərabər təhlükəsizlik və suverenlik təmin edilmədən regionda davamlı sülhün olmayacağını diqqətə çatdırıb: 

“Bu böhranın həlli üçün iki dövlətli həll yoluna ehtiyac olduğu bütün ölkələr tərəfindən qəbul edilir. Türkiyə regionda sülhün bərqərar olması üçün fəal səylərini davam etdirəcək. Ankara həmçinin İsraili siyasi və hüquqi məsuliyyətə cəlb etməyə çalışacaq”.

Əliyar Xəlil,

Globalinfo.az