Fazil Mustafa: “Naxçıvanda Konstitusiyanın tələbi yerinə yetirilir”

“Naxçıvanda əslində Azərbaycan dövləti öz Konstitusiya hüquqlarına uyğun olaraq bir sıra qurumları Azərbaycanın tabeliyinə qaytarır”

Bu sözləri millət vəkili Fazil Mustafa Globalinfo.az-a bildirib.

Deputat qeyd edib ki, Naxçıvanda məhdud sayda qurumlar yerli xarakterli idaretmə sisteminin içində ola bilər, amma qalanları Azərbaycana tabe olmalıdırlar. Sonrakı dövrdə gömrük, təhlükəsizlik xidməti və başqalarının Azərbaycana formal tabeliyi olsa da, ayrıca qurumlar kimi yaradılıblar. İndi yenidən bu qurumların qaytarılması prosesi baş verir. Burada konstitusiyaya zidd heç bir hadisə yoxdur”.

Millət vəkili, həmçinin bu yaxınlarda ABŞ- səfəri barədə də danışıb.

“Səfər zamanı xeyli sayda konqresmen və senatorlarla görüşdük. Çox səmərəli və faydalı bir səfər oldu. Arkanzas ştatında olduğumuz bir həftə ərzində ştatın bütün siyasi, mədəni mühiti ilə tanış olduq, elm sferasına aid insanlarla söhbətlərimiz oldu. Amerika sistemi və həyatı ilə bağlı bu dəfə Arkanzasda yeni bilgilər əldə etdik.

Daha sonra Vaşinqtonda beş konqresmenlə çox məhsuldar görüşümüz oldu. Azərbaycanın problemlərini, xüsusilə Ermənistanla post-müharibə dövründən sonra regionda yaranmış vəziyyəti müzakirə etdik, ölkəmizin Qafqazda sülhün əsas qarantı olduğunu və bu istiqamətdə çalışdığını diqqətə çatdırdıq. Sonra bizi oranın görməli yerləri ilə tanış etdilər”.

Deputat əlavə edib ki, belə görüşlər dövlətimizlə bağlı məsələlərin daha kompetent və əhatəli şəkildə çatdırılması baxımdan əhəmiyyətlidir:

“Artıq anlayırlar ki, Azərbaycan həqiqətən də bölgədə sülh istəyir. İranın Ermənistana dəstək verməsi onlarda müəyyən sual işarəsi yaradıb. İran tərəfindən dini fundamentalizmin Azərbaycanda yayılması məsələsinə də çox həssas baxırlar. Azərbaycanın İsraillə dostluğu orada çox müsbət qarşılanır.

Səfər çərçivəsində, həmçinin Konqresdə, Senatda müxtəlif müzakirələrdə də iştirak etdik, əyani prosesləri izlədik”.

Gülnar Səlimova,

Globalinfo.az