“Dağlıq Qarabağ Respublika”sı ləğv edildi – “Sərəncam”

Bu gündən qondarma “dağlıq qarabağ respublikası” tam ləğv edilir.

Globalinfo.az xəbər verir ki, bu, separatçıların son başçısı Samvel Şahramanyanın Azərbaycanın antiterror əməliyyatından sonra imzaladığı “sərəncam”la ermənilər üçün də təsdiqini tapır. Şahramanyanın “sərəncam”ında “dqr”in bütün növ mövcudluğu üçün son tarix kimi yanvarın 1-i göstərilir.

Azərbaycanın antiterror əməliyyatından sonra separatçı rejimin bir çox siyasi nümayəndələri Qarabağı tərk edərək İrəvana sığınıblar. Bunlar sırasında Samvel Şahramanyan da yer alıb. Şahramanyan dekabrın əvvəllərində “dqr”in mövcudluğunun bitəcəyini özünün köməkçisi vasitəsilə inkar etməyə çalışıb. Lakin onun bu addımı Ermənistan hakimiyyətinin kəskin qınağına səbəb olub. Üstəlik, noyabrda Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağın separatçı qurumlarının Ermənistanda qalmasına ehtiyac olmadığını elan edib. Ermənistan baş naziri Nikol Paşinyan isə ilin sonunda verdiyi müsahibədə Qarabağda son 30 ildə mövcud olmuş separatçı rejimi Ermənistanın mövcudluğu üçün yaradılmış təhdid adlandırıb.