Faciəvi şəkildə ölən qardaşların atası danışdı – VİDEO

Bakıda dəm qazından boğularaq ölən qardaşların atası danışıb.

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, Əli və Sərxan Həsənovların atası Asif Həsənov bildirib ki, övladları Bakıda kirayədə qaldıqları evdə sobadan yaranan dəm qazından boğulublar.

Onun sözlərinə görə, 23 yaşlı Əli və 22 yaşlı Sərxan yuxuda olan zaman dəm qazından zəhərləniblər. Onlardan xəbər ala bilməyən yaxınları evə gedib və qardaşların meyitini aşkarlayıblar.

Qeyd edək ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi. Bu gün ABŞ-yə getməli imiş.

Xatırladaq ki, qardaşlar Bakı şəhəri, Nərimanov rayonu Böyükşor qəsəbəsi PY UA 38/10 ünvanında kirayə yaşadıqları evdə dəm qazından boğularaq vəfat ediblər.

Ə. Həsənov təxminən 3 ay əvvəl evlənibmiş. S. Həsənov isə Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olaraq ADA Universitetinin Hüquq fakültəsinə daxil olubmuş. IV kurs tələbəsi olan Sərxan Prezident təqaüdçüsü imiş.

Əli ilə Sərxan əslən Tovuzdan olub, ailədə onlardan başqa 2 bacı da var. Onlar bu gün Ağbulaq kəndində torpağa tapşırılıblar.