ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayan jurnalist Eynulla Fətullayev qarşıdan gələn prezident seçkilərini işıqlandırmaq üçün Vaşinqton və Nyu-Yorka səfər etmək istədiyini bildirib.
Globalinfo.az Haqqın.az-a istinadən xəbər verir ki, ABŞ səfirliyi isə jurnalistin bu ölkəyə səfərinə icazə verməyib.
“Səfirlik birdən 2007-ci ildə həbs olunduğumu xatırladı və məhkəmə hökmlərini tələb etdi. Bu olduqca gözlənilməz oldu, çünki həbsdə olarkən ABŞ və Qərb hökumətləri məni siyasi məhbus kimi tanıdılar. Onların unutqanlığı mənim üçün tamamilə sürpriz oldu. Mən məhkəmə hökmlərini, həmçinin Avropa Məhkəməsinin və Azərbaycan Ali Məhkəməsinin bəraət qərarlarını onlara təqdim etdim. Axı mən Azərbaycanda və Strasburqda bəraət aldım, mənə qarşı bütün ittihamlar götürüldü.
Lakin səfirliyə sonuncu dəfə getdiyimdə mənə qarşı hörmətsizlik edildi. Hətta təhqiramiz rəftarla qarşılaşdım. Məni ABŞ səfirliyinin ərazisinə buraxmadılar, məhkəmə hökmlərini götürdülər və amma niyəsə pasportumu unutdular… Gülməlidir, çünki 20 il əvvəlki məhkəmə hökmünə yox, pasporta möhür vurulur!” – jurnalist deyib.
“Amerikalıların mesajını başa düşdüm: biz Ukraynanı deyil, Vladimir Putini dəstəkləməliyik. Və mən Rusiyadan üzr istəyirəm”, – jurnalistin bəyanatında deyilir.
Müşviq Tofiqoğlu