Azərbaycanda mal əti kəskin bahalaşdı – Səbəb nədir?

Son günlər Azərbaycanda ətin qiymətində artım müşahidə olunur. Bir neçə gün əvvəl 13-14 manata satılan mal əti hazırda 16-17 manata satılır.

Bəs ətin belə kəskin bahalaşmasının səbəbi nədir?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, ətin qiymətini Tarif Şurası tənzimləmir.

Onun sözlərinə görə, ət bazarında monopoliya olmadığı üçün İqtisadiyyat Nazirliyi bu işlə məşğul olmur:

“Ölkəyə ət həm idxal olunur, həm iri aqropark tərəfindən, həm də minlərlə yerli fermerlər tərəfindən bazarlarda təklif olunur. Bu baxımdan da ət bazarı rəqabətin hökm sürdüyü sahədir və qiymətlər buranın şərtləri əsasında formalaşır”.

İqtisadçı deyib ki, ətin qiymətinin bahalaşmasının bir neçə səbəbi var:

“Səbəblərdən biri idxal olunan ətin bahalaşmasıdır. Ölkə istehlakının 15 faizdən çoxunu idxal olunan ət və ət məhsulları təşkil edir. Son 6 ayda idxal olunan ət məhsulları isə 20 faizə qədər bahalaşıb. Quş ətinin 80 faizini, qoyun-keçi ətinin 98-99, mal ətinin isə 90 faizini yerli istehsal təşkil edir.

Baxmayaraq ki, yerli istehsaldır, amma bunların xərclərinin formalaşmasına dünya bazarında baş verənlər öz təsir göstərir. Aqroparklarda heyvanları otlarla deyil, xüsusi yemlərlə qidalandırırlar ki, yemin də, istifadə olunan dərmanların da qiyməti bahalaşıb. Ev təsərrüfatında isə otu baha qiymətə alırlar, otlaq yerləri azdır. Ət istehsalçılarının xərcləri artıb deyə, onlar da tədricən qiyməti artırırlar”.

Xalid Kərimli

X.Kərimli deyib ki, satıcılar alıcıların, tələbatın artdığını görüb, qiyməti qaldırırlar:

“Bahalaşmanın qarşısını almaq mümkün deyil, sadəcə, hökumət, iş yerləri insanların əməkhaqqına baxmalıdır. Düzdür, dövlət adətən ildə bir dəfə əməkhaqqını minimum artırmaqla inflyasiyanı kompensasiya edir, lakin iş yerləri də bahalaşmanı nəzərə almalıdır. Qiyməti saxlamaq mümkün deyil, çünki bunu bazar təyin edir. Dövlət isə qiyməti azalda bilməz. O zaman gərək fermerlərə pul ayrılsın. Bu isə real və düzgün deyil. Ona görə də bu məsələlər bazar şərtləri əsasında davam edəcək. Sadəcə, inflyasiyanı nəzərə alıb insanların əməkhaqları və sosial müavinətlərini artırmalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az