Ermənistanla ərazi mübadiləsi olacaq? – “4 kəndi verib, əvəzində…”

Erməni türkoloq Tiran Lokmaqyozyan Ermənistan baş naziri Nikol Paşinyanın daha çox ərazinin güzəştə gedilməsinə razılaşdığını və son mətbuat konfransında 4 kəndin Azərbaycana təhvil veriləcəyini açıqladığını iddia edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, son günlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması daha da aktuallaşıb:

“Bu, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri zamanı da vurğulanıb. O, xüsusilə qeyd edib ki, sülh müqaviləsinin bağlanması təkcə Azərbaycanla Ermənistana yox, region ölkələri, Qara dəniz regionu, Şimali Atlantikanın təhlükəsizliyi üçün əhəmiyyətlidir. Prezident İlham Əliyev də qeyd edib ki, sülh müqaviləsinə indi daha yaxınıq.

İşğal altında olan 8 kənddən anklav olan 4 kənd delimitasiya və demarkasiya prosesi zamanı müzakirəyə çıxarılacaq. Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrimli kəndlərinin qaytarılması istiqamətində işlər gedir. Gürcüstana gedən yol da buradan keçir, istiqaməti dəyişmək məqsədilə yeni yol çəkirlər. Bu da Ermənistanın Tavuş ərazisindən keçir”.

Politoloq qeyd edib ki, Ermənistanda siyasi hakimiyyətlə yanaşı kilsə də siyasətə müdaxilə edir:

“Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın son çıxışları da məhz sülh prosesinə zərbə vurmağa hesablanıb. O, 4 kəndin Azərbaycana verilməsini düşmən tələbi, Ermənistan hakimiyyətinin zəifliyi və vətən psixologiyasının olmaması kimi qiymətləndirir. Nə qədər ki erməni kilsəsi dövlət siyasətinə qarışacaq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması çətin məsələdir”.

Elşad Həsənovun fikrincə, Paşinyan Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıdığı üçün sözügedən ərazilər geri qaytarılmalıdır:

“Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvanın Kərki kəndi anklavdır. Ermənilər deyir ki, Başkənd də anklavdır. Bu ərazilər haqqında delimitasiya komitəsinin sədrləri danışıqlar aparacaqlar. Bir kəndi digər kəndlə də dəyişə bilərlər. Müzakirəsi gedən 4 kənd isə yaxın zamanda geri qaytarılacaq”.

Safura Bənnayeva
Globalinfo.az