Ermənistan son kartını itirdi: İrəvanı nə gözləyir? – Deputat və politoloqdan açıqlama

BMT Təhlükəsizlik Şurasının dünənki iclası nəticəsiz başa çatdı. BMT TŞ-nin 15 üzvünün iştirakı ilə təşkil edilən iclasda heç bir qətnamə, bəyanat qəbul edilmədi. Bununla da rəsmi İrəvanın siyasi şousu iflasa uğradı.

Maraqlıdır, Ermənistan bu məğlubiyyətindən dərs çıxara biləcək? Humanitar şouya davam edəcək, yoxsa proses sonlanacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Səməd Seyidov deyib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı keçirdiyi iclas Ermənistan üçün fiasko ilə nəticələndi:

Səməd Seyidov

“Rəsmi İrəvan sözün əsl mənasında qurduğu tələyə özü düşdü. Belə ki, Ermənistanın bu günə qədər dediyi yalan, böhtan, şər, şantaj vasitələri dünya ictimaiyyətinin gözü qarşısında ifşa edildi. Faktiki olaraq dünya ictimaiyyəti dünən Ermənistanın necə bir ölkə olduğunu görmüş oldu.

Hesab edirəm əslində dünən qalib gələn Azərbaycan xalqının, ordusunun, prezidentinin yaratdığı reallıq idi. Ona görə ki, bu reallıq Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin tələb etdiyi reallıqdır. Bu reallıq beynəlxalq qanunun tələb etdiyi reallıqdır.

Dünən çıxış edən ölkələrin hamısı Azərbaycanın təklif etdiyi humanitar problemlərin həll yolunu, sülh danışıqları, Xankəndidə yaşayan ermənilər ilə Bakı arasında dialoqu gündəmə gətirdilər.

Bu müzakirələr Ermənistanda gedən proseslərə ciddi təkan verəcək. O mənada ki Ermənistan artıq bütün imkanlardan istifadə edib. Bunlar sonra Ermənistan sülh müqaviləsinin imzalanmasına maneələr törətsə, humanitar məsələləri siyasi konyunktura üçün istifadə etsə bu artıq onun sülh istəmədiyini göstərəcək”.

Politoloq Zaur Məmmədov isə deyib ki, bu gün gecə BMT TŞ – da Ermənistanın arzuları puç oldu:

Zaur Məmmədov

“TŞ iclası bir daha kimin kim olmasını göstərdi. BMT TŞ-da Ermənistan və Fransanın xəyalları puça çıxdı. Separatçılar çox ciddi zərbə aldılar. Yəqin ki, yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə son təkliflərin müzakirəsi baş tutacaq. Ağdam – Xankəndi yolunun Laçın yolu ilə eyni vaxtda açılması və Yevlaxda görüşün baş tutmasına şahidlik edə biləcəyik. Əks təqdirdə separatçılar yaxşı bilirlər ki, Azərbaycan ordusu lazım gələn addımı atacaq.

Ararat Mirzoyanın və Yaşar Əliyevin çıxışlarının müqayisəsini apararaq Ermənistan XİN rəhbərinin uğursuzluğunu xüsusilə vurğulamaq istəyirəm. Dünən Azərbaycan Prezidenti bir daha Ermənistan və ermənipərəst qüvvələr üzərində qələbə çaldı”.

Turan Rzayev
Globalinfo.az