Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində bir hərbçimiz boyun nahiyəsindən yaralanıb.
Ermənistan ordusunun Zəngilan istiqamətində atəş açması fonunda yaranan gərginlik 19 sentyabr anti-terror hadisəsindən sonra ilk ciddi insidentdir. Aydındır ki, bu təxribat öncədən hazırlanıb və planlı şəkildə həyata keçirilib. Bunu yayılan görüntülərdə atəş açan hərbçinin snayper olması, özünə mövqe seçib, hazırlaşıb, aktı icra etməsi də sübuta yetirir.
Sülh prosesinin və sərhədlərin delimitasiyası müzakirələrinin getdiyi bir məqamda İrəvanın təxribat törətməsi diqqət çəkir. Məlum məsələdir ki, Ermənistanın niyyəti genişmiqyaslı müharibəyə başlamaq deyil, çünki bunun üçün nə gücü var, nə də daxili-siyasi sabitliyi…
İrəvan mövcud hadisədən divident əldə etmək istəyir:
Birincisi, Ermənistan Azərbaycanı bu tip təxribatlara çəkərək gərginliyi artırmaq, beləliklə Bakıya qarşı beynəlxalq təzyiq yaratmaq istəyir. Xüsusilə iki ölkə arasında sülh danışıqlarının getdiyi və rəsmi Bakının əlinin güclü olduğu bir zamanda bu, İrəvan üçün çox vacibdir.
Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində son 4-5 ayın sərhəddə ən sabit dövr olduğunu bildirmişdi. Belə vəziyyət – Bakının danışıqlar prosesində üstün olması İrəvan üçün arzuedilən deyil. Ermənistan Bakıya qarşı beynəlxalq təzyiq yaradaraq danışıqlar prosesində əlini gücləndirmək istəyir.
İkincisi, Ermənistanın indiki məqamda şərti dövlət sərhədində atəşkəsi pozması həm də xarici qüvvələrin istəyidir. Daha dəqiq desək, İrəvanı təxribata sürükləyən əsas ölkə Fransadır.
Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan silahlar alması, Fransanın İrəvanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. Fransa generalının Ermənistana səfəri, Azərbaycanla sərhəddə peyda olması və ardınca təxribatın baş verməsi də onu deməyə əsas verir ki, proseslərin pərdəarxasında rəsmi Paris dayanır.
Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribatına qisas əməliyyatı ilə cavab verdi. Bu, gözlənilirdi, çünki Prezident İlham Əliyev demişdi ki, heç bir Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq.
Rəsmi Bakı qisas əməliyyatı ilə Ermənistana açıq şəkildə mesaj verdi ki, ən kiçik təxribat belə cəzasız qalmayacaq. Ordumuzun dəqiq zərbəsi nəticəsində həmin döyüş post dağıdıldı, postun şəxsi heyəti arasında ciddi itkilər var.
Baş verən hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Xüsusilə sülh prosesinin getdiyi, sabitliyin olduğu bir zamanda törədilən təxribat prosesi ləngidəcək. Bundan başqa, təxribatların davamlı olması rəsmi Bakının sərhədin qarşı tərəfində əməliyyatlar keçirməsi üçün də hüquqi baza yaradır. Bununla belə, Azərbaycanın niyyəti müharibə yox, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını təmin etməkdir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı