“Ermənistan İqtisadiyyat Nazirliyi bildirib ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması ölkənin xarici ticarət imkanlarını azaldır, yükdaşımalar üçün alternativ marşrutları məhdudlaşdırır. Məlumata görə, hazırda Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1%-dir: “İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10%-ə qalxa və ya daha çox arta bilər”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
O bildirib ki, Türkiyə və Azərbaycanın Ermənistanla quru sərhədlərinin bağlı olması bu ölkənin iqtisadiyyatına mənfi təsir edir:
“Rəsmi İrəvan destruktiv mövqeyi ilə özünü regional əməkdaşlıqdan məhrum edir. Bu isə sonda Ermənistan iqtisadiyyatının zəifləməsi ilə nəticələnir. İş o yerə çatıb ki, artıq rəsmi dövlət qurumu da reallığı etiraf etməli olub. Bu, əslində, rəsmi İrəvanın üzləşdiyi mürəkkəb durumun ifadəsidir”.
K.Novruzov deyib ki, Ermənistan Qərb və Şərq arasında qalıb:
“Belə bir şəraitdə onun dünya dövlətləri ilə ciddi ticarət əlaqələri qurması çətindir. Buna Rusiya və Qərb imkan verməz. Odur ki, rəsmi İrəvanın yeganə ümid yeri region ölkələridir. Ermənistan isə özünü bu imkandan da məhrum edir.
Ermənistanın ən yaxın gələcəkdə sülh müqaviləsini imzalamasından boyun qaçırması təkcə siyasi yox, həm də iqtisadi uçuruma səbəb ola bilər. Sülh müqaviləsi məsələsi uzandıqca Ermənistanın daxilindəki iqtisadi durum daha da pisləşəcək. Bu isə özlüyündə ölkə daxilində siyasi kataklizmə səbəb olacaq. Fikrimcə, Ermənistan baş naziri Nikol Paşinyan bu reallıqları yaxşı anlayır.
Ermənistanın “ofsayt”da qalması bu ölkəni regional iqtisadi əməkdaşlıqdan məhrum edir. Beləliklə, rəsmi İrəvan özünə pislik edir. Konstruktiv mövqe ortaya qoymayınca Ermənistanın iqtisadi durumu pisləşməkdə davam edəcək. Bu isə yerli əhalinin ölkəni sürətlə tərk etməsi ilə nəticələnəcək”.
Zaira Akifqızı
Globalinfo.az