Ermənistandan Azərbaycana iki sensasion təklif – Simonyandan şokedici sözlər

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması mümkündür. Simonyanın indiki məqamda belə bir açıqlama verməsi diqqət çəkir. Xüsusilə də Simonyan bildirib ki, yolların açılması bizim üçün prioritet məsələdir və Ermənistan avtomobil və hətta dəmir yolu təqdim etməyə açıqdır.

Maraqlıdır, Qranada görüşü ilə bağlı xəbərlərin fonunda bu açıqlama nəyə işarə edir? Simonyanın yol vurğusu necə şərh olunmalıdır?

Züriyə Qarayeva

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycan ordusunun bölgədə uğurlu lokal antiterror tədbirlərini həyata keçirməsi separatizmin bölgədə ləğvi ilə yanaşı, yeni siyasi konfiqurasiya üçün də zəmin formalaşdırmış oldu:

“Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində başlıca əngəl Qarabağda mövcud olan separatçılar idi. Üçtərəfli bəyannamənin 4-cü maddəsinin icra olunmaması digər müddəaların da icrasını çətinləşdirirdi.

İrəvan administrasiyası üçtərəfli görüşlərdə praktiki irəliləyişin önünü məhz bu öhdəliyin yerinə yetirilməməsi ilə kəsirdi. Bakı-Xankəndi formatını irəli sürməklə prosesi sabotaj edirdi. Bakı bu öhdəliyi də öz çiyinlərinə alaraq icra etdi. Qanunsuz erməni hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldu, separatçılar tərk-silah edildi. Bu hadisələr Ermənistan üçün dərs çıxarmaq baxımından üstün presedentdir.

Paşinyan anlamamış deyil ki, bəyannamədə üzərinə götürdüyü öhdəlikləri ya yerinə yetirəcək ya da dəmir yumruqla yerinə yetirmək məcburiyyətində qalacaq. Odur ki, sülh müqaviləsini imzalaya biləcəyi ilə bağlı mesajlar səsləndirir. Digər tərəfdən sülh üçün əsas əngəl də aradan qalxıb, iddialar suya düşüb.

Əslində Paşinyanın elə istədiyi də bu üsul idi. O, düşünürdü ki, separatçılarla bağlı müddəanı icra edərsə, ona qarşı cəbhə kəskinləşə bilər, hakimiyyətini itirmək təhlükəsi yarana bilər. Ona görə də, maksimum səviyyədə Bakını tədbirlər görməyə vadar etdi. İndiki şərtlərdə sülh müqaviləsinin imzalanması Paşinyan üçün heç bir təhlükə vəd etmir.

Müqavilə üçün isə kommunikasiyalarla bağlı İrəvanın razılığı şərtdir. Ərdoğanın Naxçıvandan səsləndirdiyi bəyanatlar, Zəngəzur dəhlizinə Ermənistan razılıq verməzsə onun İrandan keçəcəyi ilə bağlı fikirlər səsləndirməsi də bu barədə qarşı tərəfi təlaşa sala bilib”.

Turan Rzayev
Globalinfo.az