“Ermənistandakı rus sərhədçiləri Azərbaycan casusudur” – Lapşindən ŞOK İDDİA

Aleksandr Lapşin Ermənistandakı rus sərhədçilərini azərbaycanlılara məlumat sızdırmaqda ittiham edib.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, israilli blogger, Ermənistanın böyük dostu Aleksandr Lapşin  İrəvanın hava limanında  Rusiya sərhədçiləri tərəfindən həyata keçirilən miqrasiya nəzarəti faktını tənqid atəşinə tutub.

“Bu barədə düşünməyə bilmirəm. Təl-Əvivdə sərhəd nəzarəti kabinələrində əyləşənlər İsrail miqrasiya polisi  yox, məsələn, çinlilər, amerikalılar, argentinalılar olsaydı, mən nə hiss edərdim?, – deyə Lapşin vurğulayıb.

“Bir ölkəyə giriş-çıxışa bu ölkənin hakimiyyət orqanlarından başqa heç kimin nəzarət etmək hüququ yoxdur. Amma mən Ermənistanın paytaxtı İrəvandan uçarkən mütəmadi olaraq rus sərhədçiləri, daha doğrusu, slavyan görünüşlü ruslar tərəfindən aparılan pasport yoxlamasından keçirəm. Bəs giriş-çıxış zamanı sərhədçiyə verilən məlumatlar  hara ötürülür? Çox yaxşı bilirəm ki, Ermənistan sərhədini keçməyimiz barədə məlumatlar Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə açıqdır”, – Lapşin deyib.

“Azərbaycan təhlükəsizlik qüvvələrinin əlində təkcə onun deyil, Ermənistana səfər etmiş yüzlərlə digər sərnişinlərin, yəni həm Ermənistan vətəndaşlarının, həm də turistlərin məlumatları var. Bütün məlumatları isə Rusiya Federasiyası alır. Rusiyanın əldə etdiyi məlumatların bundan sonra hara ötürüldüyünü təxmin etmək çətin deyil”, – Lapşin fikirlərini yekunlaşdırıb.

Əliyar Xəlil,

Globalinfo.az