1731131274 1716903753 1

Ermənistan parlamentində çoxluğa malik olan “Mülki müqavilə” fraksiyası “Hakimiyyətin zorla ələ keçirilməsinin yolverilməzliyi və demokratiyanın qorunması haqqında” bəyanat layihəsi hazırlayıb.

Globalinfo.az bildirir ki, bu barədə sosial şəbəkələrdə fraksiya rəhbəri Ayk Konjoryan məlumat verib.

Sənədə parlamentin yaxın vaxtlarda çağırılması gözlənilən növbədənkənar iclasında baxılması planlaşdırılır.

Konjoryanın sözlərinə görə, parlament koalisiyası Ermənistan Respublikasına qarşı planlaşdırıldığı iddia edilən terror aksiyalarına rəsmi qiymət vermək niyyətindədir.

Layihənin mətnində arxiyepiskop Baqrat Qalstanyanın və ya “Müqəddəs mübarizə” hərəkatının adı birbaşa göstərilməsə də, sənədin ortaya çıxma konteksti və vaxtı məhz onların müzakirə edildiyini deməyə əsas verir.

Bəyanatda təkcə “terror aktının hazırlanması”nı pisləmək təklif edilmir, həm də bütün siyasi qüvvələr mövcud hakimiyyətə qarşı yönəlmiş istənilən hərəkəti “birmənalı şəkildə rədd etməyə” çağırılır. Sənəddə həmçinin Ermənistanın ayrı-ayrı keçmiş liderləri “terrorçuluğu dəstəkləməkdə” günahlandırılır, faktiki olaraq baş verənlərə görə onların üzərinə siyasi məsuliyyət yüklənir.

Layihədə Erməni Apostol Kilsəsinə xüsusi yer ayrılıb. Kilsəni “dövlətə qarşı hibrid müharibəyə” cəlb etmək cəhdləri yolverilməz adlandırılır və Müqəddəs Eçmiədzinin mənəvi atmosferi pozan şəxslərdən azad olunmasının vacibliyi vurğulanır.

Xatırladaq ki, Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı iyunun 25-də genişmiqyaslı axtarışlardan sonra həbs edilib. İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısı alındığını bildirib. Qalstanyan və onun tərəfdaşları “terror aktları və kütləvi iğtişaşlar hazırlamaqda, hakimiyyəti ələ keçirməyə cəhddə” ittiham olunurlar.

Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsinin hesabatını şərh edərkən deyib ki, hüquq-mühafizə orqanları “ölkədə hakimiyyəti ələ keçirmək üçün “kriminal-oliqarx-klerikal” planın qarşısını alıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: