Ermənistanda aksiyalar böyüyür, 500-dən çox həbs edilən var: Kremlin ssenarisi, yoxsa xalq inqilabı?

 

İrəvanda iki gündür ki, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Son məlumatlara görə aksiyalar zamanı 500-ə yaxın adam saxlanılıb.

Bəzi ekspertlər İrəvanda keçirilən aksiyaların yekunda Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcəyini düşünür. Hətta prosesin pərdəarxasında Rusiyanın olduğu da səslənən iddialardandır.

Maraqlıdır, bu iddialar nə dərəcə də doğrudur? Aksiyalar Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilər? Paşinyanın hakimiyyətdən gedərsə, bunun regiona, proseslərə nə kimi təsiri olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Ermənistanda hazırda elə bir siyasi atmosfer var ki, xalqın köhnə revanşist milliyyətçi müxalifətdən zəhləsi gedir, hazırkı Nikol Paşinyan hakimiyyətinə isə nifrət edir:

Səməd Seyidov

“Zəhləsi getmək ilə nifrət etmək arasında elə də böyük bir fərq yoxdur. Hər bir halda bu, ermənilərin özlərinin özlərinə qazdığı quyunun dibidir. Misal üçün, onlar 44 gülük müharibə dövrünə qayıtmaq istəmirlər. Çünki bunun nə ilə nəticələndiyini yaxşı bilirlər. Keçmiş hakimiyyət nümayəndələri isə Ermənistana zülm, dağıntı gətirib.

İndiki hakimiyyət isə verdiyi sözlərə sadiq deyil. Bir dediyi ilə digər dediyi üst-üstə düşmür. Baxın, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı iclas baş tutdu. Erməni nümayəndənin çıxışında heç bir tutarlı arqument yox idi. Ağlamaq, böhtan xarakterli iddialar səsləndirməkdən başqa heç nə etmədilər. Yəni teatr qurmaqla dövləti idarə etmək olmaz. Təəssüf ki, bu, erməni xalqının əsl faciəsidir.

O ki, qaldı Paşinyanın hakimiyyətdən gedib-getməməsinə, hesab edirəm bunu heç kəs deyə bilməz. Amma aksiyaların motivi və əsas səbəbi odur ki, Paşinyan Qarabağa müdaxilə etməyəcəyini bildirdi.

Paşinyan oturub düşünməlidir, həm regionda sülhün olmasını, həm də hakimiyyətdə qalmaq istəyirsə, sülh müqaviləsini imzalamalıdır. Azərbaycanla normal ünsiyyət quraraq problemləri həll edə bilərlər”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ermənistanın radikal müxalifətinin Baş nazir Nikol Paşinyanı devirmək ehtimalı yüksək deyil:

Elxan Şahinoğlu

“Məntiqlə yanaşsaq radikallar bunu Ermənistanın daha ağır məğlubiyyət aldığı 44 günlük müharibə zamanı edə bilərdilər. O zaman vəziyyət indikindən daha əlverişli idi. Əgər o vaxt bunu edə bilmədilərsə, bundan sonra çətin ki, etsinlər.

Son etirazlarda hər nə qədər 500-ə yaxın insan saxlanılsa da reallıq ondan ibarətdir ki, radikallar küçəyə 2-3 mindən çox etirazçı çıxara bilmirlər. Bu sayla hökuməti istefaya məcbur etmək mümkün deyil.

Digər bir məsələdə Paşinyanın alternativinin olmamasıdır. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Paşinyana alternativ deyillər.

Ermənistanın susqun çoxluğu Azərbaycanın hazırkı qələbəsinə sevinir. Çünki Qarabağ yükündən qurtulublar. Erməni ailələr bundan sonra övladlarını Azərbaycan ərazisinə ölümə göndərməyəcəklər.

Hesab edirəm, indiki məqamda Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın yolu ona qarşı terror təşkil etməkdir. Tutaq ki, hansısa yolla Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırdılar. Hakimiyyətə yiyələnən radikal baş nazir erməni cəmiyyətinə nə təklif edəcək? Həmin radikal baş nazir Paşinyanın Azərbaycan və Rusiya prezidentləri ilə imzaladığı 9 noyabr 2020-ci ilə ortaq bəyanatından imtina edərsə, Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayacaq, bu dəfə Ermənistanın yarısını itirəcəklər. Bunu erməni cəmiyyəti də anladığından hələ bir müddət Nikol Paşinyanla yola davam edəcək”.

Turan Rzayev
Globalinfo.az