Parlamentdə müzakirə: Zəngəzur dəhlizi gündəmə gəldi

“Azərbaycan Xalq Cəbhəsi Qarabağ hərəkatını yarandanda qarşısına iki məqsəd qoymuşdu: ölkənin ərazi bütövlüyünü bərpa etmək və müstəqilliyə nail olmaq”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin aprelin 23-də keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, Ermənistanın gələcəyi Azərbaycanla normal münasibətlər qurmaqdan keçir:

“Biz 1991-ci ilin sərhədlərində ərazi bütövlüyümüzü bərpa etdik. Bu, böyük tarix nailiyyətdir. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əlieyvi, birinci vitse-prezident Mehriban Əliyevanı, hakim Yeni Azərbaycan Partiyasını təbrik edirəm. Biz müstəqilliyə nail olduq, lakin ərazi bütövlüyünü bərpa edə bilmədik. Bu, missiyanı YAP yerinə yetirdi. Ona görə də ona təşəkkürümü bildirirəm. Ermənistana müraciət edirik ki, düşmənçiliyə son qoysunlar. Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməlidir. Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaqdan keçir. İrəvan rəhbərliyi bunu nə qədər tez başa düşsə, o ölkənin inkişafına təkan vermiş olacaq”.

“İran da Azərbaycana münansibətdə öz siyasətini dəyişməlidir. Onların rəsmiləri, səfirləri Azərbaycana qarşı olan açıqlamalardan çəkinməlidirlər. Necə ki, Ermənistanın düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da müəyyən təxtibatlar törətmək cəhdləri heç bir nəticə verməyəcək”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az