Ermənistan yeni müharibəyə hazırlaşır? – İrəvandan Bakının dostuna nə xəbər göndərilib?


Ermənistan PUA-larla mübarizə məqsədilə xüsusi avadanlıqlar alacaq. Bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.

“Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”, – o bildirib.

Bu açıqlama rəsmi İrəvanın Təl-Əvivdən sözügedən avadanlıqları əslində döyüş məqsədləri üçün alması barədə fikir formalaşdırıb.

Maraqlıdır, İsrail-Azərbaycan münasibətlərini nəzərə alsaq, sülh müqaviləsi imzalanmamış Ermənistanın silahlandırılması mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, rəsmi İrəvan İsrail istehsalı olan avadanlıqlar almaq təşəbbüsü ilə bir neçə dəfə çıxış edib:

“Lakin bu cəhdlər uğurlu nəticələnməyib. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan texnologiya sənayesi naziri vəzifəsini icra edərkən bir neçə PUA-nın və ona qarşı vasitələrin hazırlanması ilə bağlı səs-küylü fikirlər səsləndirmişdi. Bu gün isə məlum olur ki, həmin bəyanatlar erməni xalqını aldatmaq üçün verilib.

Ədalət Verdiyev

Bir müddət öncə rəsmi İrəvanın Hindistan istehsalı olan “Zen” PUA əleyhinə kompleksinin alınması üçün 41.5 milyon dollarlıq müqavilə imzaladığı açıqlanmışdı. Görünür, bu müqavilənin də taleyi qaranlıq qalıb və Ermənistan İsrailə ümid bəsləməyə başlayıb. Lakin İsrailin Azərbaycanla strateji əməkdaşlığı fonunda Ermənistana həmin avadanlıqların verilməsi gözlənilmir. Çünki bu texnikaların Ermənistana idxalı İsrailin rəqibi olan ölkələrin də əlinə keçməsi ehtimalını artırır.

Rəsmi İrəvan hələ də Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayır. Sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya edilməyib. Belə bir halda hərbi təyinatlı məhsulların İrəvan tərəfindən alınması münaqişə ocaqlarının yenidən alovlanması üçün imkanlar yarada bilər”.

Safura Bənnayeva

Globalinfo.az