ermenistan ktmt

Son zamanlar növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı iddialar səsləndirilir. Bundan başqa, iddia edilir ki, guya Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olacaq. Bu, nə dərəcədə real görünür?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Sahil Kərimli deyib ki, Azərbaycan xarici siyasətini praqmatik formada, günün reallıqlarına uyğun və daha dəqiq həyata keçirir.

S.Kərimlinin sözlərinə görə, son dövrlərdə Avropa və Qərb dairələrinin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları, çirkin və qərəzli ittihamları, ədalətsiz siyasəti onu deməyə əsas verir ki, Avropa bilərəkdən Azərbaycanı özündən uzaqlaşdırır:

“Nəinki Azərbaycan, digər Cənubi Qafqaz ölkələrində də gedən proseslər deməyə əsas verir ki, Avropa və Qərb nəyin bahasına olursa-olsun riyakar və ikili standartlara uyğun siyasət aparmaqla mənfi tendensiyalar yaratmağa çalışır. Bu gün Avropa Azərbaycana deyil, Azərbaycan Avropaya daha çox lazımdır. Çünki Azərbaycan Cənubi Qafqazda lider ölkədir. Neft və qaz, alternativ enerji layihələrinə həmmüəlliflik etməklə, bu layihələri uğurla həyata keçirməklə dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verməklə öz mövqeyini, xoşniyyətli mahiyyətini ortaya qoyur. Amma Avropa bu niyyətimizi yüksək dəyərləndirmir”.

Sahil Kərimli: Ermənistan rəhbərliyi və ordusu törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər

Sahil Kərimli

Siyasi şərhçi deyib ki, Avropanın Azərbaycana qarşı düşmənçilik mövqeyi, işğalçı Ermənistanın durmadan dəstəklənməsi, havadarlıqlar, kütləvi şəkildə silahlandırılması Azərbaycana qarşı yönəlmiş addımlardır:

“Bütün bu reallıqları, son aylarda baş verən prosesləri, siyasi mənzərəni götürdükdə təbiidir ki, Azərbaycan haqlı olaraq Avropadan özü uzaqlaşmağa çalışa, bu istiqamətdə qərar qəbul edə bilər. Bu, olduqca haqlı və ədalətli qərar ola bilər və olacaq da. Həqiqətən də əgər Azərbaycan qarşıdakı dövrlərdə Avropa Şurasından çıxmaqla bağlı qərar qəbul edərsə, bu, ədalətli olacaq”.

Sahil Kərimlinin fikrincə, KTMT-yə üzv olmağımız qarşıdakı dövrlərdə daha aydın bilinəcək:

“Hazırda bu barədə konkret nəsə demək tez olar. Çünki dünyada baş verən proseslər, Qərbin bölgəmizdə yaratmaq istədiyi yeni münaqişə ocağı, Ermənistan vasitəsilə Azərbaycana, Cənubi Qafqaza edilən müdaxilələr hər an hərbi və ya digər təhdidlər yarada bilər. Ona görə də, Azərbaycan bütün mümkün təhdidlərin qarşısını almaq üçün müstəqil dövlət kimi bu istiqamətdə öz qərarını verə bilər. İstər Avropa Şurasından imtina ilə bağlı, istərsə də KTMT-yə üzvlüklə və ya digər önəmli qərarlar verildikdə Azərbaycanın dövlətçilik və milli maraqları əsas götürülür. Necə ki, əvvəlki illərdə İlham Əliyev daim Azərbaycanın dövlətçilik və milli maraqlarını hər şeydən üstün tutaraq öz siyasi kursunu həyata keçirib, bu məsələlərdə də müstəqil, milli maraqlarımız qorunub saxlanacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: