Ermənistan təslim olmağa hazırlaşır: Paşinyanın gizli planları açıqlandı

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistandan vaxtaşırı maraqlı etiraflar eşidirik. Bu ölkənin sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçaryan bir neçə dəfə Qarabağın artıq əllərindən çıxdığını, Azərbaycan qarşısında ağır məğlub olduqlarını etiraf ediblər.

Məsələn, sabiq prezident Levon Ter-Petrosyanın bu açıqlaması, yəqin, çoxunun yadındadır. Sitat: “Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”.

Maraqlıdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın da son günlər verdiyi mesajlar Ermənistanın Qarabağla bağlı ümidlərinin öldüyünü deməyə əsas verir.

Maraqlıdır, bu nə dərəcə doğrudur. Həqiqətən də Ermənistan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqlar qəbul edib Qarabağa iddiasından əl çəkir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Paşinyan ciddi dilemma qarşısındadır və seçim edə bilmir:

“Bu bir reallıqdır ki, bir vaxtlar Şuşada yallı gedib, inaqurasiya mərasimi keçirən, özünə inanan Paşinyan artıq yoxdur. Nikol Paşinyan 44 günlük Vətən müharibəsindən sonra üzləşdiyi ağır məğlubiyyətlə xarici siyasət kursunu dəyişmək məcburiyyətində qaldı. Yəni müharibəyə qədər Paşinyan da sələfləri kimi “miatsum” ideallarına sadiq idisə, hazırda Qərbə yönələn və bu yolda hər şeyi qurban verə biləcək bir vəziyyətdədir.

Reallıq ondan ibarətdir ki, Nikol Paşinyan Ermənistanı Rusiyanın təsirindən çıxarmaq, daha sonra Qərbə inteqrasiya etmək istəyir. Qərb isə öz növbəsində Paşinyandan Türkiyə ilə münasibətləri normallaşdırmağı tələb edir. Rəsmi Ankara da Ermənistandan Azərbaycan ilə münasibətləri normallaşdırmasını tələb edir. Əslində, göründüyü kimi, İrəvanın tək variantı yekun sülh müqaviləsi imzalayıb, ərazi iddialarından imtina etməkdir. Bu baş versə, Paşinyan da istədiyinə nail olacaq”.

Politoloqun fikrincə, Ermənistan bu tezlikdə Qərbə inteqrasiya edə bilməz:

“Paşinyan başa düşür ki, Qərbə inteqrasiya etmək həm də Rusiya ilə münasibətlərin korlanması deməkdir. Bu isə birdən-birə baş verə bilməz. Çünki Ermənistanın sərhədləri Rusiya hərbiçiləri tərəfindən qorunur. Digər tərəfdən Ermənistandakı 102-ci hərbi bazanı da unutmamalıyıq.

Ancaq bu və ya başqa formada Ermənistan gec-tez yekun sülh müqaviləsi imzalamalıdır. Əks təqdirdə, regionda daha dəhşətli müharibə baş verə bilər. Bakının gözləmək kimi bir niyyəti yoxdur. Zaman Ermənistanın və təbii ki, Nikol Paşinyanın əleyhinə işləyir”.

Turan Rzayev
Globalinfo.az