Ermənistan meydan oxudu – Rusiya sərt cavab verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dondurduğunu bildirməsinin ardınca Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın məsələ ilə bağlı ətraflı məlumata malik olmadığını vurğulayıb.

Maraqlıdır, Rusiya Ermənistanın bu addımına niyə səssiz qalır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Ermənistan və Rusiya arasında bir müddətdir gərginlik yaşanır:

“Bu gərginlik həm də Ermənistanın üzvü olduğu KTMT daxilində hiss olunur. İrəvan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əleyhinə bəyanatlar səsləndirir, Nikol Paşinyan tərəfindən qurumun fəaliyyətsizliyi dilə gətirilir, tədbirlər boykot olunur”.

Siyasi şərhçinin fikrincə, mövcud proses Ermənistanın KTMT-dən çıxması ilə nəticələnə bilər:

“Lakin praktiki baxımdan bu mümkün deyil. İrəvan belə riskli addım atmaz. Ermənistanın KTMT-dən çıxması Rusiya ilə münasibətlərdə daha böyük gərginliyə səbəb ola bilər. Ermənistan KTMT daxilində həlledici ölkə olmasa da, Rusiya bu meydanoxumanın cavabını verəcək”.

Safura Bənnayeva
Globalinfo.az