Ermənistan KTMT-də fəaliyyətini dondura bilməz – Səbəb budur

“Ermənistan baş nazirinin bu mülahizələri o qədər gülüncdür ki, ən yaxşı halda komediya filmlərinin süjetinə çevrilə bilər. Məsələ burasındadır ki, KTMT-nin Nizamnaməsində üzv ölkənin təsisatdakı iştirakını praktiki, yaxud nəzəri dondurması ilə bağlı heç bir müddəa yoxdur”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli Ermənistan Baş naziri Nikol Paşinyanın Britaniya mediasına müsahibəsində “Ermənistan KTMT-də iştirakını praktiki olaraq dondurub” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ya KTMT-də qalırsan, ya da gedirsən, üçüncü yol, yaxud status yoxdur:

“KTMT Nizamnaməsinin 19-cu maddəsində qeyd olunur ki, “istənilən üzv dövlətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq hüququ var. Üzv dövlət təşkilat daxilindəki öhdəliklərini yerinə yetirdikdən sonra KTMT-dən çıxacağı tarixdən ən gec 6 ay əvvəl Nizamnamənin depozitarisinə (Beynəlxalq müqavilənin depozitarisi beynəlxalq müqavilənin mətnini və onun ratifikasiyasına dair sənədləri saxlamağı öhdəsinə götürmüş dövlət və ya beynəlxalq təşkilatdır – E.M) bu barədə rəsmi bildiriş göndərir.

Elçin Mirzəbəyli

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müqavilə və Nizamnaməsinin depozitarisi, yəni əsas nüsxənin yerləşdiyi ölkə Rusiyadır və Ermənistan, əgər KTMT-ni tərk etmək istəyirsə, o zaman bu barədə Rusiyaya bildiriş göndərməlidir. Amma bəlli olduğu kimi Ermənistan Rusiyaya KTMT-ni tərk etməklə bağlı bildiriş göndərməyib. Bu isə onu sübuta yetirir ki, Nikol Paşinyan hələlik Rusiya ilə bütün bağların qırılmasına hazır deyil, yaxud Qərbli himayəçilərinin verdiyi təminatın KTMT-nin tərk edilməsinin doğuracağı nəticələri kompensasiya edə biləcəyinə əmin deyil.

Həmçinin başa düşür ki, Rusiya hələlik Ermənistana qarşı heç bir təzyiq mexanizmini işə salmayıb və əgər bu mexanizmlər işə düşərsə, o zaman rəsmi İrəvanın mövcud imkanlar daxilində yarana biləcək böhrandan çıxış yolu tapmaq imkanı olmayacaq”.

Politoloq deyib ki, Rusiya artıq kifayət qədər təcrübə qazandığı üçün Qərbin bölgədə xaos mexanizmlərini işə salmasına imkan verməyəcək:

“Bu aspektdən Nikol Paşinyanın Ermənistanın KTMT-dəki fəaliyyətini “praktiki olaraq dondurması” barədə açıqlamasını ikiüzlülüyün klassik nümunəsi kimi dəyərləndirmək olar. Paşinyan bununla demək istəyir ki, hələlik Ermənistanın KTMT-dəki fəaliyyətini “praktiki olaraq dondurub”, daha ciddi addımlar atılması üçün daha ciddi dəstəyə və zamana ehtiyac var”.

Turan Rzayev
Globalinfo.az