Ermənistan sürətlə silahlanır: Həsənovun iştirak etdiyi görüşdə gözlənilməz həmlə

“Çində bir müddət əvvəl 10-cu Pekin Syanşan Forumu keçirildi. İştirakçılar arasında Azərbaycanın müdafiə naziri Zakir Həsənov da var idi. Tədbirdə Ermənistan da təmsil olunurdu”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Çindən hərbi texnika almır, çünki bunlar SSRİ hərbi texnikasının oxşarıdır:

“Azərbaycan öz ordusunu NATO standartlarına əsasən inkişaf etdirir, buna görə də daha modern hərbi texnikaya üstünlük verir. Digər tərəfdən, Çin hərbi-sənaye kompleksinin məhsullarını əsasən öz ordusunun təminatı üçün istifadə edir. Buna baxmayaraq, Ermənistan Hindistanla yanaşı Çinlə də hərbi-texniki sahədə əməkdaşlığa çalışır. Çinin Ermənistandakı hərbi attaşesi İrəvanda verdiyi açıqlamalarda iki ölkə arasında hərbi əməkdaşlığın mümkün olduğunu bildirib. Çin Ermənistana silah və hərbi texnika satarsa, bu, Pekinin Azərbaycanla münasibətlərinə mənfi təsir edə bilər”.

Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, toplantıda çıxış edən Çin təmsilçiləri Rusiyanın yaratdığı təhlükələrdən deyil, “kollektiv Qərbin” adını çəkmədən dünyadakı xaosu rəqiblərinin yaratdığına işarə ediblər:

“Bəzi ölkələr digər ölkələrin daxili işlərinə qarışır, sabitliyi pozur və rəngli inqilablar yolu ilə təxribata baş vururlar” – deyən Çin rəsmisinin Amerika Birləşmiş Ştatlarını nəzərdə tutduğu aydındır. Pekindəki forumda Qərb ölkələri dünyada enerji və ərzaq böhranı yaratmaqda da ittiham edildilər. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, dünyada enerji və ərzaq böhranı indiki səviyyədə olmazdı, ancaq Pekində buna toxunulmadı.

Beləliklə, Çinlə Rusiya ABŞ-ın dünyada hegemonluğuna son qoymaq üçün birlikdə çalışır və bu məqsədlə müxtəlif forumlar, konfranslar və seminarlar keçirirlər. Bu toplantılarda dünya üçün əsas təhlükənin Amerika Birləşmiş Ştatlarından gəldiyi təlqin edilməyə çalışılır”.

Turan Rzayev
Globalinfo.az